Facebook və Instagram-a görə Meta-nı 1,4 trilyon dollarlıq məhkəmə riski gözləyir
Sosial Media
07.07.2026
Sevinj
ABŞ-nin dörd ştatı, Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi Meta şirkətinə qarşı açdıqları məhkəmə işlərində ümumilikdə 1,4 trilyon dollara qədər cərimə tələb edirlər. Ştatlar Facebook və Instagram-ın gənclərdə asılılıq yaradan mexanizmlərlə dizayn edildiyini və şirkətin bu platformaların təhlükəsizliyi barədə ictimaiyyəti yanıltdığını iddia edir. Reuters-in məlumatına görə, tələb olunan məbləğ Meta-nın təxminən 1,5 trilyon dollarlıq bazar dəyərinə demək olar ki, bərabərdir. Ştatların hüquqşünasları cəriməni hesablayarkən, platformalardan istifadə edən azyaşlıların sayını və yerli qanunvericilikdə nəzərdə tutulan cərimələri əsas götürüblər.
Meta isə bu məbləğin əsassız olduğunu bildirərək, belə bir sanksiyanın istehlakçı hüquqlarının qorunması tarixində analoqunun olmadığını vurğulayıb. Şirkət eyni zamanda daha 29 ştatın açdığı digər məhkəmə iddiaları ilə də üzləşib. Həmin iddialarda Meta-nın valideyn razılığı olmadan uşaqların məlumatlarını toplamaqla ABŞ-nin Uşaqların Onlayn Məxfiliyinin Qorunması Qanununu (COPPA) pozduğu bildirilir. Əsas məhkəmə prosesinin bu ilin avqust ayında keçirilməsi planlaşdırılır. Digər 14 ştatın yerli qanunlara əsaslanan iddiaları isə 2027-ci ilin fevralında ayrıca məhkəmədə dinləniləcək.
Meta daha əvvəl "sosial media asılılığı"nın rəsmi psixiatrik diaqnoz kimi tanınmadığını əsas gətirərək ittihamları rədd edib. Şirkətin Instagram rəhbəri Adam Mosseri bu vəziyyəti insanların Netflix seriallarına aludə olması ilə müqayisə edib. Bununla belə, Amerika Psixiatriya Assosiasiyası sosial media asılılığının hazırda rəsmi diaqnostik siyahıya daxil edilməməsinin onun mövcud olmadığı mənasına gəlmədiyini bildirib. Qeyd edək ki, daha əvvəl bir münsiflər heyəti Meta-nın istehlakçıları aldatdığı qənaətinə gələrək Nyu-Meksiko ştatına 375 milyon dollar təzminat ödənilməsinə qərar vermişdi. Şirkət həmçinin oxşar iddialarla bağlı Kentukki məktəb dairəsi ilə 27 milyon dollarlıq razılaşma əldə edib.
Paylaş