Facebook və Instagram istifadəçiləri üçün yeni apellyasiya dövrü başlayır
Sosial Media
04.12.2025
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta-nın Nəzarət Şurası gələn ildən etibarən Facebook və Instagram istifadəçiləri üçün mühüm bir yenilik üzərində işləyir. Hazırda istifadəçilər yalnız konkret paylaşımların silinməsi ilə bağlı qərarlara etiraz edə bilirlər. Lakin hesab səviyyəsində, məsələn, bloklanma və ya məhdudlaşdırma kimi tətbiq edilən cəzalar üçün rəsmi müraciət imkanı yoxdur.
Bu vəziyyət yaxın zamanda dəyişə bilər. Şura 2025-ci ildə pilot layihə çərçivəsində hesab səviyyəsində verilən cəza qərarlarını da araşdırmağa başlayacaq. Bu dəyişiklik Şuranın beşillik fəaliyyətini əhatə edən yeni hesabatında açıqlanıb. “2026-cı ildə səlahiyyətlərimiz genişlənəcək və Meta tərəfindən hesabların silinməsi və ya məhdudlaşdırılması ilə bağlı verilən qərarları nəzərdən keçirmək imkanı əldə edəcəyik,” – deyə hesabatda qeyd olunur.
Hələlik bu prosesin necə işləyəcəyi tam bilinmir. Lakin Şuranın üzvü Paolo Carozza Engadget-ə müsahibəsində bildirib ki, Meta yanvarda Şuraya hesab səviyyəsində bir işi təqdim edəcək və bu iş növbəti mərhələdə oxşar müraciətlərin necə idarə olunacağına dair əsas model olacaq.
Paylaş