
Facebook və Messenger-də xüsusi “yeniyetmə hesablarının” istifadəsinə start verilib
Sosial Media
26.09.2025
Emil
Meta Facebook və Messenger platformalarında 13-17 yaşlı istifadəçilər üçün nəzərdə tutulmuş xüsusi “yeniyetmə hesablarının” qlobal istifadəyə verilməsinə başlayıb. Yeni profillər genişləndirilmiş valideyn nəzarəti funksiyaları və tanımadıqları şəxslərlə ünsiyyəti məhdudlaşdıran gücləndirilmiş məxfilik parametrlərini ehtiva edir. Yeniyetmələr üçün ayrıca hesablar ilk dəfə 1 il əvvəl Instagram-da tətbiq olunmuşdu, cari ilin əvvəlində isə ABŞ, Kanada, Böyük Britaniya və Avstraliyadakı istifadəçilər üçün Facebook və Messenger-də istifadəyə başlanmışdı. İndi isə bu şərtlər bütün dünyadakı yetkinlik yaşına çatmamış istifadəçilər üçün məcburi olacaq.

Bununla yanaşı, daha gənc yeniyetmələr (13-15 yaş) valideynlərinin və ya qanuni nümayəndələrinin əvvəlcədən razılığı olmadan təhlükəsizliklə bağlı parametrləri dəyişdirə bilməyəcəklər. Uşaqların bilərəkdən yanlış yaş göstərdikləri halları aşkar etmək üçün isə Meta süni intellekt texnologiyasından istifadə edir. Valideynlər Meta tətbiqlərindən istifadəyə nəzarət etmək imkanına sahib olacaqlar. Məsələn, uşaqların sosial şəbəkələrdə keçirdikləri vaxtı izləyə, həmçinin yeniyetmələrin messencerdə ünsiyyətdə olduqları kontaktların siyahısına baxa biləcəklər.

Şirkətin məlumatına görə, milyonlarla yeniyetmə artıq Instagram, Facebook və Messenger platformalarında belə hesablar istifadə edir. Eyni zamanda, Instagram ABŞ-da məktəblərlə əməkdaşlığını genişləndirir ki, bu da orta və yuxarı sinif təhsil müəssisələrinə bullinq və digər problemli davranış hallarına dair şikayətləri sürətlə göndərməyə imkan verir. Əvvəllər təşəbbüs bir neçə məktəbdə sınaqdan keçirilmişdi və Meta nümayəndələrinin sözlərinə görə, iştirakçılardan müsbət rəy alınıb. Buna görə də indi ABŞ ərazisindəki istənilən təhsil müəssisəsi bu proqrama qoşula biləcək.
Paylaş