
Göndərilmiş mesajların redaktə edilməsi funksiyası Whatsapp-ın iOS üçün olan beta versiyasına əlavə edilib
Sosial Media
24.02.2023
Emil
Keçən il Whatsapp tərtibatçıları messencer daxilində göndərilmiş mesajların redaktə edilməsi funskiyası üzərində çalışmağa başladılar. Daha sonra sözügedən funksiya messencerin Android üçün olan beta versiyasında istifadəyə verildi və onun barəsində yeni bir məlumat ortaya çıxmadı. İndi isə məlum olub ki, göndərilmiş mesajların redaktə edilməsi funksiyası həmçinin Whatsapp-ın iOS üçün olan beta versiyasında da istifadəyə verilib. Məlumatda qeyd edilib ki, bu yeni funksiya məhdud sayda beta testçi arasında test olunur.
Bununla belə funksiya demək olar Android-də olan versiya ilə eyni prinsip üzrə çalışır. Beləliklə göndərilmiş mesajı redaktə etmək üçün çat daxilində müvafiq mesajı klikləyərək bir neçə saniyə saxlamaq və ortaya çıxan menyuda redaktə etmək bəndini seçmək lazımdır. Qeyd etmək lazımdır ki, Telegram-dan fərqli olaraq Whatsapp-da mesajın redaktə edilməsi məsələsində zaman limiti var. Yəni istifadəçilər göndərilmiş mesajı yalnız 15 dəqiqə ərzində redaktə edə bilərlər. Göndərilmiş mesajların redaktə edilməsi funksiyasının messencerin stabil versiyasına nə zaman əlavə ediləcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər