Instagram-da mesajların planlaşdırılması və digər yeni funksiyalar istifadəyə verilib
Instagram şəxsi mesajların planlaşdırılması, çatda 3 vacib mesajın çatın yuxarı hissəsində bərkidilməsi, tərcüməçi və bəyənilən musiqini paylaşmaq imkanı kimi yeni funksiyaları istifadəyə verib. The Verge-in məlumatına görə, əsas yeniliklərdən biri mesajların planlaşdırılması funksiyasıdır. İstifadəçilər öncədən mesaj yazıb, onu 29 günə qədər müəyyən bir tarixə təyin edərək göndərə biləcəklər. Meta nümayəndələri bildiriblər ki, bu dəyişikliklər fərqli saat qurşaqlarında olan insanlarla ünsiyyəti asanlaşdırmaq və aktiv qrup söhbətlərində vacib mesajları qoruyub saxlamaq məqsədi daşıyır.
“Bu yeniləmələr mesaj axınında vacib yazışmaların, məsələn, memlərin itməsinin qarşısını almağa kömək edəcək” - deyə şirkət bildirib. Digər yeniliklər arasında QR-kod vasitəsilə dostları qrup söhbətlərinə dəvət etmək və mesajların müxtəlif dillərə tərcümə edilməsi funksiyası da var. Tərcümə 99 dili əhatə edir və nəticə birbaşa çatda göstərilir, sanki mesaj ilk dəfə həmin dildə göndərilib. Instagram-a əlavə edilən maraqlı funksiyalardan biri də musiqi paylaşma imkanıdır.
İstifadəçilər dostları ilə eyni mahnını eyni anda dinləyə və ya musiqi treklərini istədikləri zaman qulaq asmaq üçün göndərə biləcəklər - bunların hamısı sosial şəbəkədən çıxmadan mümkün olacaq. Musiqi axtarışı üçün stikerlər və animasiyalı GIF-lərin yerləşdiyi interfeys istifadə olunacaq. Bundan əlavə, musiqi paylaşma funksiyası Broadcast Channels-də də əlçatan olacaq. Bu, kontent yaradıcılarının öz abunəçiləri ilə əsasən birtərəfli ünsiyyət qurmasına imkan verən açıq yayım kanallarıdır.