Kanada 16 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan etməyə hazırlaşır
Sosial Media
11.06.2026
Sevinj
Kanada hökuməti 16 yaşdan kiçik uşaqların sosial media platformalarında hesab açmasını qadağan etməyi nəzərdə tutan yeni qanun layihəsi təqdim edib. “Safe Social Media Act” (Bill C-34) adlanan təşəbbüs uşaqların internetdə üzləşdiyi təhlükələri azaltmaq və platformaları onların təhlükəsizliyinə görə daha məsuliyyətli etmək məqsədi daşıyır.
Qanun layihəsinə əsasən, 16 yaşdan aşağı istifadəçilərin sosial şəbəkələrdə hesab yaratmasına məhdudiyyət qoyulacaq və platformalar yaşın təsdiqlənməsi üçün xüsusi mexanizmlər tətbiq etməli olacaqlar. Bu tələblər TikTok, Instagram, YouTube kimi sosial media xidmətləri ilə yanaşı, ChatGPT, Gemini və Claude kimi süni intellekt çat-botlarını da əhatə edəcək.
Kanadanın Kimlik və Mədəniyyət naziri Mark Miller bildirib ki, uşaqların onlayn mühitdə təhlükəsizliyi artıq valideynlərin üzərinə qoyula bilməz və texnologiyanın inkişafı ilə qanunvericilik də buna uyğun yenilənməlidir. Onun sözlərinə görə, yeni qanun platformaların təhlükəsizliyi “dizayndan etibarən” təmin etməsini tələb edəcək.
Layihə çərçivəsində yeni Rəqəmsal Təhlükəsizlik Komissiyasının yaradılması da nəzərdə tutulur. Bu qurum onlayn xidmətlərdən riskləri müəyyən etməyi, azaltmağı və aradan qaldırmağı tələb edəcək. Xüsusilə uşaqların cinsi istismarı, kibertəcavüz, özünə zərər verməyə təşviq, nifrət nitqi, zorakılığa çağırış və terror məzmunu kimi təhlükəli kontentlə mübarizə əsas prioritetlərdən biri olacaq. Bundan əlavə, sosial media şirkətləri süni intellekt vasitəsilə yaradılmış məzmunu açıq şəkildə etiketləməli, böhran vəziyyətlərində hesabatlılıq qaydalarını şəffaf şəkildə açıqlamalı və AI çatbotları istifadəçilərə zərərli məzmun təqdim etməmək üçün əlavə təhlükəsizlik tədbirləri görməlidirlər.
Paylaş