main-post-cover

    Messencerin monetizasiyası vacibliyi: Telegram-a ödənişli funksiyalar əlavə ediləcək

    Sosial Media
    23.12.2020
    Emil Nəcəfov
        Whatsapp Viber kimi messencerlərdən fərqli olaraq Telegram tərtibatçıları bugünə kimi öz servislərini heç bir üsul ilə monetizasiya etməyiblər. Lakin Telegram-ın yaradıcısı Pavel Durov bildirib ki, messencerin fəaliyyətini davam etdirmək üçün onu monetizasiya etmək şərtdir. Buna görə də o bu məsələdə planlarını açıqlayıb. Bu barədə 4pda saytı xəbər verib. Durov bildirib ki, Telegram yaxın müddətdə 500 milyon aktiv istifadəçi göstəricisini əldə edəcək.
        İstfadəçi kütləsinin artımı isə server xidmətlərinə sərf edilən xərclərin artması deməkdir. Bütün bu illər ərzində Telegram-ın sözügedən xərcləri tamamilə şirkət tərəfindən qarşılanıb. Bu səbəbdən də Telegram öz iş prinsipinə və messencerin mümkün monetizasiya üsullarına nəzər yetirməlidir. Durov qeyd edib ki, o, Telegram-ın monetizasiyası üçün Whatsapp ilə Viber-in seçdyi üsullardan istifadə etməyəcək. Telegram hansısa kənar şirkətə satılmayacaq. Bundan əlavə olaraq messencer daxilində reklam elanlarının göstərilməsi də yolverilməzdir.
        Durov-un sözlərinə əsasən mesencerə monetizasiya özəllikləri daxil olan zaman istifadəçilər bu cür dəyişiklikləri hiss etməyəcəklər. Messencerin aktual funksiyaları pulsuz olaraq çalışmağa davam edəcəklər. Lakin Telegram-dan istifadə edən biznes komandalar və daha geniş imkanlar tələb edən istifadəçilər üçün ödənişli funksiyalar əlavə ediləcək. Bununla yanaşı Telegram kanalları üçün ayrıca reklam platformasının da istifadəyə verilməsi nəzərdən keçirilir. Həmçinin ödənişli stikerlərin də istifadəyə verilməsi mümkün variantlardan biridir. Bu yeni özəlliklərin Telegram-a nə zaman inteqrasiya ediləcəyi bilinmir.
    Linki kopyala