
Meta Avropada mobil tətbiqlərin Facebook-dan yüklənməsi imkanını işə salmağı planlaşdırır
Sosial Media
03.07.2023
Emil
Meta şirkəti Avropada yaşayan istifadəçilərə Android və iOS üçün nəzərdə tutulmuş tətbiqlərin birbaşa Facebook-dan yüklənməsi imkanını təqdim etməyi planlaşdırır. Bunun sayəsində şirkət Avropa Birliyi ölkələrində mobil proqram təminatı məsələsində Google və Apple kimi şirkətlərin əsas rəqibinə çevrilə bilər. Meta şirkəti Avropada Digital Markets Act (DMA) adlı qanunun qəbul edilməsi sayəsində yeni biznes istiqamətinin aktivləşməsinə ümid edir. Qeyd etmək lazımdır ki, bu qanun 2024-cü ildə qüvvəyə minəcək. Sözügedən qanun məşhur əməliyyat sistemləri tərtibatçılarının hamısından öz platformalarını tətbiqlərin alternativ yüklənməsi variantları üçün açıq etməyi tələb edəcək. Formal olaraq Android-də bu məsələ ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Belə ki, Android istifadəçiləri öz cihazlarına tətbiqləri demək olar istənilən mənbədən yükləyə bilirlər. Məlumata əsasən Meta şirkəti tətbiqlərin birbaşa Facebook-dan yüklənməsi imkanını məhz Android-də test edəcək. Şirkət öz növbəsində bu layihədə iştirak edəcək tərtibatçılar üçün müəyyən üstünlükləri də təklif edir. Belə ki, şirkət Google Play-ə yönləndirmədən proqram təminatının istifadəçilər arasında yayılması üçün nəzərdə tutulmuş platforma rolunda çıxış etməklə tərtibatçılara sosial şəbəkədəki reklamlardan olacaq yüksək konvensiyanı və tətbiqlərlə bağlı istənilən ödənişlərdən sıfır komissiyasını söz verir. Hər halda layihənin ilk mərhələsində bu belə olacaq.
Tərtibatçılar öz tətbiqlərində istənilən ödəniş sistemi və üsulundan istifadə edə biləcəklər. Meta-nın təmsilçisi bildirib ki, şirkət proqram təminatının istifadəçilər arasında yayılması məsələsində tərtibatçılara yardım göstərilməsində həmişə maraqlı olub və bu yeni layihə həmçinin mobil proqram təminatı bazarına əlavə rəqabəti əlavə edəcək. Qeyd etmək lazımdır ki, DMA qanununun qüvvəyə minəcəyindən sonra Meta proqram təminatının Google Play və App Store-dan yan keçməklə yayılmasında maraqlı olan yeganə şirkət deyil. Belə ki, Microsoft bu ilin mart ayında bildirmişdi ki, o, gələn il Avropada Android və iOS üçün nəzərdə tutulmuş tətbiqlərin istifadəçilər arasında yayılması istiqamətində alternativ platformanı Avropada istifadəyə verməyi planlaşdırır.
Paylaş
Bənzər xəbərlər