Meta əməkdaşları yeni izləmə sisteminə qarşı etiraz edir
Sosial Media
13.05.2026
Sevinj
Technote.az “TNW” platformasına istinadən bildirir ki, Meta şirkətində çalışan əməkdaşlar yeni işçi izləmə sisteminə qarşı daxili etiraz kampaniyasına başlayıblar. Şirkətin ABŞ ofislərində yerləşdirilən vərəqələrdə bu sistem “İşçi məlumatlarının toplanması fabriki” kimi təqdim olunub və əməkdaşlar onlayn petisiyaya qoşulmağa çağırılıb.
Söhbət “Model Capability Initiative” adlı proqramdan gedir. Bu sistem müəyyən iş tətbiqlərində istifadəçilərin siçan hərəkətlərini, kliklərini, klaviatura yazılarını və ekran görüntülərini qeydə alır. Meta isə bildirir ki, məqsəd AI agentlərinə insanların kompüterdən necə istifadə etdiyini öyrətməkdir. Şirkətə görə sistem bütün fəaliyyəti yox, yalnız seçilmiş tətbiqləri izləyir və həssas məlumatların qorunması üçün xüsusi təhlükəsizlik tədbirləri tətbiq olunur. Lakin şirkət daxilində bir çox əməkdaş bunu adi AI təlimi yox, birbaşa işçi nəzarəti kimi qiymətləndirir. Narahatlıq yaradan əsas məqamlardan biri isə bu məlumatların gələcəkdə insanların gördüyü işlərin avtomatlaşdırılması üçün istifadə oluna biləcəyidir.
Etirazların vaxtı da diqqət çəkir. Meta 20 may tarixində böyük işçi ixtisarlarına hazırlaşır. Şirkət ümumi işçi heyətinin təxminən 10 %-ni, yəni 8 minə yaxın əməkdaşı işdən çıxarmağı planlaşdırır. Meta CEO-su Mark Zuckerberg yanvar ayında etdiyi açıqlamada 2026-cı ilin “AI texnologiyalarının iş mühitini ciddi şəkildə dəyişəcəyi il” olacağını bildirmişdi. İndi isə şirkət daxilində bu sözlər fərqli mənada qəbul olunur.
Etiraz aksiyaları artıq daha təşkilatlanmış formaya keçir. ABŞ əməkdaşları petisiya yaymağa başlayıb, Böyük Britaniyada isə bəzi Meta işçiləri həmkarlar ittifaqı yaratmaq üçün təşəbbüs başladıb. Məsələnin digər mühüm tərəfi isə şəxsi məlumatların qorunmasıdır. Xüsusilə Avropa Birliyi ölkələrində işçi izləmə sistemləri ilə bağlı qanunlar ABŞ ilə müqayisədə daha sərtdir. Buna görə Meta-nın bu proqramının gələcəkdə hüquqi problemlərlə qarşılaşa biləcəyi ehtimal olunur.
Paylaş