Meta-nın gizli araşdırması: Valideyn nəzarəti yeniyetmələrin sosial media asılılığını azaltmır
Sosial Media
18.02.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Meta şirkətinin daxili araşdırması göstərib ki, valideyn nəzarəti və məhdudiyyətlər yeniyetmələrin sosial mediadan kompulsiv istifadəsini əhəmiyyətli dərəcədə azaltmır.
ABŞ-nin Los-Anceles dairə məhkəməsində başlanan sosial media asılılığı ilə bağlı məhkəmə prosesində səsləndirilən məlumatlara görə, “Project MYST” adlı daxili tədqiqat valideyn nəzarətinin effektiv olmadığını ortaya qoyub. Araşdırma University of Chicago ilə əməkdaşlıq çərçivəsində aparılıb və 1000 yeniyetmə və onların valideynləri arasında sorğu əsasında hazırlanıb. Hesabatda qeyd olunur ki, valideynlərin tətbiq etdiyi zaman limiti, nəzarət proqramları və ev qaydaları yeniyetmələrin sosial mediadan həddindən artıq istifadəsinə ciddi təsir göstərmir. Həm valideynlər, həm də yeniyetmələr nəzarətin real nəticə vermədiyini təsdiqləyiblər.
İddiaçı tərəf bildirir ki, bu fakt Meta-nın sosial media məhsullarının zərərli təsirlərindən xəbərdar olduğunu göstərir. Məhkəmədə əsas iddia ondan ibarətdir ki, sosial platformalar istifadəçiləri platformada daha uzun saxlamaq üçün alqoritmik lentlər, dəyişkən mükafat mexanizmləri, fasiləsiz bildirişlər və zəif valideyn nəzarət alətləri kimi mexanizmlərdən istifadə edir. İddiaçı tərəf Meta ilə yanaşı YouTube, ByteDance və Snap şirkətlərini də məhkəməyə verib. Lakin son iki şirkət məhkəmə başlamazdan əvvəl razılaşma yolu ilə işi bağlayıb.
Məhkəmə prosesində Instagram rəhbəri Adam Mosseri “Project MYST” barədə konkret məlumatının olmadığını bildirib. Halbuki sənədlərdə onun araşdırmaya icazə verdiyi göstərilir. Mosseri ifadəsində bildirib ki, şirkət “asılılıq” terminindən istifadə etmir, bunun əvəzinə “problemli istifadə” anlayışını tətbiq edir.
Paylaş