Logo
    main-post-cover

    Meta təsdiqlənmiş profillər üçün post açıqlamalarında kliklənə bilən linkləri test edir

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta Instagram platformasında uzun müddətdir tətbiq olunan link məhdudiyyətlərini dəyişə biləcək yeni funksiyanı sınaqdan keçirir. Şirkət artıq Meta Verified abunəçiləri üçün post açıqlamalarında (caption) kliklənə bilən linklərin əlavə olunmasını test etməyə başlayıb.
         İndiyədək Instagram istifadəçilərə link paylaşımını əsasən profil bio hissəsi, Stories və Reels vasitəsilə məhdudlaşdırırdı. Bu səbəbdən kontent yaradıcıları izləyiciləri xarici saytlara yönləndirmək üçün “link in bio” həllərinə müraciət etməli olurdu. Yeni test isə bu qaydanı dəyişə bilər.
        Funksiya ilk dəfə bloqqer Andrea Valeria tərəfindən aşkar edilib. O, paylaşdığı ekran görüntülərində Instagram postuna kliklənə bilən Substack linki əlavə edə bildiyini göstərib. Onun sözlərinə görə, tətbiq daxilində göstərilən bildirişdə istifadəçilərə ay ərzində maksimum 10 link paylaşa biləcəyi bildirilib.
         Meta Engadget nəşrinə açıqlamasında funksiyanın həqiqətən test mərhələsində olduğunu təsdiqləsə də, neçə istifadəçinin bu imkandan yararlandığı və ya funksiyanın geniş istifadəyə açılıb-açılmayacağı barədə detalları paylaşmayıb. Maraqlıdır ki, test linkləri mobil tətbiqdə aktiv görünsə də, eyni paylaşım Instagram-ın veb versiyasında hələ işləməyə bilər.
        Instagram-da link paylaşımının məhdud olması illərdir platformanın əsas xüsusiyyətlərindən biri sayılırdı və bu məhdudiyyət Linktree kimi “link in bio” xidmətlərinin yaranmasına səbəb olmuşdu. Əgər Meta bu funksiyanı geniş şəkildə tətbiq etsə, kontent yaradıcılarının izləyicilərlə əlaqə qurma üsulları ciddi şəkildə dəyişə bilər.
    Paylaş