Meta Threads-də icma sayını artırıb
Sosial Media
16.12.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Threads sosial şəbəkəsi “icmalar” funksiyasını genişləndirərək platformadakı mövzu sayını artırıb. Şirkət bu yeniliyi bazar ertəsi elan edib və məqsəd istifadəçilərin Reddit və X kimi platformalardakı icmalardan daha az istifadə etməsini təşviq etməkdir. Threads bu funksiyanı ilk dəfə oktyabr ayında istifadəyə vermiş və basketbol, televiziya, K-pop, kitablar kimi mövzular daxil olmaqla 100-dən çox icma yaratmışdı.
Yeni genişlənmə ilə icmaların sayı 200-ü keçib. Yeniliklər arasında Lakers Threads, Knicks Threads və Spurs Threads kimi komandalara xüsusi icmalar da yer alır. Platforma eyni zamanda icmalar daxilində “flair” adlı etiketləri test edir. Bu funksiya istifadəçi adının altında fərdiləşdirilən etiket göstərməyə imkan verir. Məsələn, NBA icmasında hansı komandaya azarkeşlik etdiyinizi, kitablar icmasında isə müəllif olub-olmadığınızı qeyd edə bilərsiniz. Threads əlavə olaraq “Champion” adlı yeni nişanı da sınaqdan keçirir. Bu nişan icma daxilində yüksək aktivlik göstərən, çox izləyicisi olan və müzakirələrdə fəal iştirak edən məhdud sayda istifadəçiyə təqdim olunur.
Paylaş