main-post-cover

    Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır

    Sosial Media
    14.10.2021
    Emil Nəcəfov
        Microsoft şirkəti professional LinkedIn sosial şəbəkəsinin Çin üçün olan versiyasının fəaliyyətini dayandıracağını elan edib. Bu isə öz növbəsində Çin regionunda ABŞ-a məxsus sonuncu sosial şəbəkənin fəaliyyətinin dayandırılması deməkdir. LinkedIn bildirib ki, bu cür qərar həddindən artıq qəliz əməliyyat mühiti və Çin hökuməti tərəfindən olan yüksək tələblər səbəbilə verilib. Bu ilin mart ayında LinkedIn bildirmişdi ki, o, Çin regionunda yeni istifadəçi hesablarının qeydiyyatlarını müəyyən müddətlik dayandırıb. Belə ki, sözügedən proses Çin qanunvericiliyinin mövcud tələblərinə uyğun olmaya bilər. Təqribi olaraq həmin vaxtda Çin hökuməti LinkedIn-dən kontent moderasiyasını sərtləşdirməyi tələb etmişdi və bu tələbin yerinə yetirilməsi üçün sosial şəbəkəyə 30 gün vaxt vermişdi.
        Son aylarda LinkedIn aktivistlərə, hüquq müdafiəçilərinə, alimlərə və jurnalistlərə bildirmişdi ki, onların istifadəçi hesabları Çində ona görə bloklanıb ki, onlarda Çində qadağan edilmiş kontentlər mövcuddur. Bundan əlavə olaraq sosial şəbəkə qeyd etmişdi ki, o öz servisinin Çin üçün olan versiyasını vakansiyalar üzrə elanlar xidmətinə dəyişəcək və servisin sosial tərəfini deaktiv edəcək. Beləliklə LinkedIn-in Çində fəaliyyətinin dayandırılması qərbdən olan internet şirkətlərinin bu regionda qarşılaşdıqları qarşıdurmanın son səhifəsinə çevrildi. Belə ki, Çin dünyanın ən sərt senzura qaydaları toplusundan birinə sahibdir.
        Facebook Twitter 2009-cu ildən bəri Çində fəaliyyət göstərmirlər. Google isə Çin bazarından 2010-cu ildə çıxmışdı. Məşhur Signal messenceri və Clubhouse tətbiqi Çində bu il bloklanıblar. Təcrübəli istifadəçilər müxtəlif üsullardan istifadə edərək bu servisləri əlçatan edə bilirlər. Buna misal olaraq VPN servisləri gətirmək olar. Lakin istifadəçilərin əksəriyyəti onlardan istifadə etmir. Qeyd etmək lazımdır ki, LinkedIn Çin bazarına 2014-cü ildə daxil olmuşdu. Ağ Ev-in təmsilçisi bildirib ki, ABŞ administrasiyası Microsoft şirkətinin sözügedən sosial şəbəkənin Çin üçün olan versiyasını deaktiv etmək qərarını müsbət qarşılayır. Çinin Vaşinqtonda olan səfirliyi isə bu məsələ ilə bağlı hələ fikir bildirməyib.
    Linki kopyala