Mobil tətbiqlərdən əldə olunan gəlir $156 milyarda çatdı
Sosial Media
15.01.2026
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, mobil tətbiqlərin yüklənmə sayı 2025-ci ildə ardıcıl beşinci dəfə azalsa da, istifadəçi xərcləri kəskin şəkildə artıb. Appfigures tərəfindən yayımlanan illik hesabatda bildirilir ki, il ərzində App Store və Google Play üzərindən ümumilikdə 106,9 milyard tətbiq və oyun yüklənib. Bu göstərici əvvəlki illə müqayisədə 2,7 % azalma deməkdir.
Buna baxmayaraq, istifadəçilərin mobil tətbiqlərə xərclədiyi məbləğ 21,6 % artaraq 155,8 milyard dollara çatıb. Mütəxəssislər bu artımı əsasən abunəlik modellərinin və tətbiqdaxili alışların geniş yayılması ilə əlaqələndirirlər. Yeni istifadəçi cəlbi azalsa da, mövcud istifadəçilərdən gəlir əldə etmək daha effektiv hala gəlib. Hesabatda mobil oyunların tətbiq iqtisadiyyatındakı payının da azaldığı qeyd olunur. 2025-ci ildə mobil oyunlara 72,2 milyard dollar xərclənib ki, bu da ümumi xərclərin təxminən 46 %-ni təşkil edir. Oyunlara çəkilən xərclər illik 10 % artsa da, oyun olmayan tətbiqlər daha sürətli böyüyüb.
Belə ki, oyun olmayan tətbiqlərə xərclər 33,9 % artaraq 82,6 milyard dollara yüksəlib və ilk dəfə olaraq oyun gəlirlərini geridə qoyub. Bu dəyişiklik məhsuldarlıq, sosial media, maliyyə və sağlamlıq tətbiqlərinin artan rolunu göstərir. Abunə əsaslı gəlir modeli mobil ekosistemdə yeni bizneslərin də inkişafına şərait yaradıb. Məsələn, abunə idarəetmə platforması RevenueCat ötən il 50 milyon dollarlıq Series C investisiya cəlb edib. Eyni zamanda tətbiqlərin marketinq və monetizasiyası ilə məşğul olan Liftoff Mobile bu həftə IPO üçün müraciət edib.
Paylaş