main-post-cover

    Mobil Youtube-da birgə canlı yayımlar funksiyası istifadəyə verilib

    Sosial Media
    06.02.2023
    Farid Pardashunas
        Hələ keçən ilin sonunda məlumat ortaya çıxmışdı ki, Google şirkəti Youtube-da Go Live Together adlı birgə canlı yayımlar funksiyasını test edir. İndi isə məlum olub ki, sözügedən funksiya bütün Youtube istifadəçiləri üçün istifadəyə verilib. Go Live Together funksiyası Youtube-da canlı yayım zamanı istifadəçiyə digər istənilən istifadəçini canlı yayıma dəvət etmək imkanını verir. Bu halda istifadəçi canlı yayıma hətta canlı yayım izləyicisini də dəvət edə bilər. Dəvət isə öz nöbəsində link formasında istifadəçiyə göndərilir. Məlumatda qeyd edilib ki, Youtube üzərindən reallaşdırılan birgə canlı yayımlarda yalnız iki nəfər iştirak edə bilər. Bununla belə canlı yayımı reallaşdıran şəxs dəvət edilmiş istifadəçini canlı yayımdan çıxarıb onun yerinə digərini dəvət edə bilər.
        Go Live Together funksiyası Youtube-un mobil tətbiqindəki Create bölməsində əks olunur. Qeyd etmək lazımdır ki, istifadəçinin birgə canlı yayımı reallaşdırması üçün minimum 50 nəfər abunəçiyə sahib olması lazımdır. Canlı yayımda iştirak etmək üçün canlı yayımı reallaşdıran istifadəçi tərəfindən göndərilən dəvət linkinə daxil olmaq lazımdır. Dəvət linki isə öz növbəsində mail, mətnli mesaj və ya istənilən messencer vasitəsilə göndərilə bilər. Dəvət linkinə daxil olandan sonra kanalı seçərək qoşulmaq düyməsinə klikləmək lazımdır.
        Qoşulmaq düyməsinə klikləyəndən sonra istifadəçi gözləmə otağına yönləndirilir və daha sonra canlı yayımı reallaşdıran istifadəçinin təsdiqləməsindən sonra dəvəti qəbul etmiş şəxs canlı yayıma qoşulur. Birgə canlı yayım zamanı ekran iki hissəyə bölünür. Yuxarı hissədə canlı yayımı təşkil etmiş istifadəçi, aşağı hissədə isə canlı yayıma qoşulmuş istifadəçi əks olunur. Hal hazırda sözügedən funksiya Youtube-un yalnız mobil versiyasında aktivdir. Lakin Youtube rəhbərliyi anlayır ki, istifadəçilər birgə canlı yayım funksiyasını həmçinin videoservisin veb versiyasında da görmək istəyirlər. Çox güman ki, bu cür imkanın veb versiyada reallaşdırılması Youtube tərəfindən nəzərdən keçirilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər