main-post-cover

    'NASA Space Apps Azerbaijan' hakatonunun qalibləri müəyyən oldu

    Sosial Media
    21.10.2019
    Farid Pardashunas
        Bakı, 20 oktyabr 2019 – Dünən “Azərkosmos” ASC, ADA Universiteti və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı, Lenovo şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyinin baş sponsorluğu ilə 18 oktyabr 2019-cu il tarixindən start götürən “NASA Space Apps Azerbaijan” hakatonunun final mərhələsi baş tutdu. 25 komanda ümumilikdə isə 100 nəfər iştirakçı 48 saat ərzində fasiləsiz olaraq NASA tərəfindən verilən tapşırıqların həll yollarını tapmağa çalışdılar. Həmin  komandalardan üç ən yaxşı həll yolu hazırlayan komanda “NASA Space Apps Azerbaijan” hakatonunun qalibi oldu. Beləliklə, birinci yerin qalibi “ICARUS” komandası, ikinci yer  “SpaceSetup ⃰” komandası, üçüncü yer isə “Ulduz Station” komandası oldu. Qalib komandalar aşağıdakı məbləğlərdə pul mükafatı ilə təltif olundular:
    • Birinci yerin qalibi: 10 000 manat;
    • İkinci yerin qalibi: 5 000 manat;
    • Üçüncü yerin qalibi: 2 500 manat.
        Hakatonun qalibləri beynəxalq “NASA Space Apps” hakatonunun tapşırıqlarına uyğun olaraq Yer kürəsində meşə yanğınlarının, dəniz və okean sularının çirklənməsini və plastik tullantıların qarşısının alınması istiqamətində həllər təqdim etdilər. Azərbaycanda ilk dəfə keçirilən  “NASA Space Apps Azerbaijan” hakatonu gənclər üçün kosmik sahədə sürətlə dəyişən trendlərlə tanış olmaq fürsəti yaratdı. Bununla yanaşı, hakaton iştirakçılara əslində kosmosun gələcəyini daha yaxşı təsəvvür etməyə və aktual olan ekoloji problemlərin həllinə birbaşa yol göstərir.
        Hazırda planetimizin orta temperaturu ilbəil artır və su ehtiyatları tükənməkdədir. Bunların hamısı planetimizi olduqca narahat edən məsələlərdəndir.  Bu  kimi mühüm məsələlərə biganə qalmamaq üçün dünyada 200-dən çox şəhərdə eyni vaxtda keçirilən “NASA Space Apps” hakatonu innovativ ideyaları dəstəkləyir.
        Qeyd edək ki, hakaton müddətində yarış iştirakçılarına NASA-nın “Saturn planetinin tədqiqatı üzrə Kassini proqramı”nın baş tədqiqatçısı Dr.Anna Verbisker tərəfindən master klas keçirilib, kosmosun öyrənilməsində NASA-nın apardığı işlərdən bəhs edib: “Bu gün  planetimizdə baş verən dinamik proseslər, texnoloji yeniliklər planetimizi qorumaq üçün bizim üzərimizə daha böyük məsuliyyət qoyur. Azərbaycanlı gənclərinin də NASA tərəfindən keçirilən bu təşəbbüsdə iştirakı olduqca sevindirici haldır”.
        “NASA Space Apps” hakatonunun maraqlı cəhətlərindən biri iştirakçılar tapşırıqları hazırlayarkən NASA-nın resurslarının cəmləşdiyi ümumi platformadan istifadə edə bildilər. Digər tərəfdən hakatonun təbii iş mühitindən uzaq, rahat və əyləncəli bir mühitdə təşkili komandaları qalibiyyət uğrunda mübarizəyə daha da həvəsləndirdi.
        Təqdirəlayiq haldır ki, Azərbaycanda gənclər arasında kosmosa və kosmik infrastruktura  böyük maraq var. Bütün bunlar digər sahələr kimi, Azərbaycanın kosmik proqramının uğurlu inkişafını göstərir.
     “Azərkosmos” ASC haqqında
    Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com  internet səhifəsindən ala bilərsiniz.  
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər