
Nepal öz ərazisində X, YouTube və Facebook-u bloklayıb
Sosial Media
08.09.2025
Emil
Nepal hökuməti X, Facebook və YouTube daxil olmaqla bir neçə məşhur sosial şəbəkə xidmətinin bloklandığını elan edib. Səbəb isə bu platformaların hökumətin yeni tələblərinə uyğun olaraq ölkədə qeydiyyatdan imtina etmələridir. Bloklama artıq qüvvəyə minib. Daha 5 xidmət hökumətin “yerləşmə” tələblərini yerinə yetirib - mənbə onlardan yalnız ikisini, Viber və TikTok-u qeyd edib. Nepalın Rabitə və İnformasiya Nazirliyində izah ediblər ki, hökumət ölkədə fəaliyyət göstərən təxminən 20-yə yaxın müxtəlif sosial şəbəkə və messencerin qeydiyyatını təmin etməyə çalışıb.

Hakimiyyət bu xidmətlərdən ölkədə rəsmi nümayəndəlik açmağı tələb edirdi. Lakin bir sıra aparıcı xidmətlər bu tələbləri sadəcə olaraq görməzlikdən gəlib və nəticədə onların bloklanmasına səbəb olub. Bu tələblər Nepal hökumətinin ölkə parlamentinə təqdim etdiyi qanun layihəsinə daxildir. Layihənin müəlliflərinin əsas ideyası sosial şəbəkə xidmətlərinin fəaliyyətində məsuliyyət, hesabatlılıq və şəffaflığı təmin etməkdir. Bununla belə, hüquq müdafiəçiləri artıq bu təşəbbüsü söz azadlığını məhdudlaşdırmaq cəhdi kimi tənqid ediblər. Hələlik bloklamanın texniki cəhətdən necə həyata keçirildiyi və nə qədər davam edəcəyi məlum deyil. Tamamilə mümkündür ki, bloklanmış xidmətlər sonda ofislərini açmaq qərarı versin və Nepalda fəaliyyətlərinə geri dönsünlər.
Paylaş