Logo
    main-post-cover

    Netflix ilk orijinal video podkastlarını təqdim edir

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Netflix video podkast sahəsinə yatırımlarını artırır və bu istiqamətdə ilk orijinal layihələrini təqdim edir. Platforma Pete Davidson və NFL əfsanəsi Michael Irvinin aparıcılığı ilə iki yeni video podkastı elan edib.
        Michael Irvinin aparacağı “The White House” adlı podkast 19 yanvar tarixindən etibarən Netflix-də yayımlanacaq. Verilişdə idman dünyasındakı əsas xəbərlər, analizlər və şərhlər yer alacaq. Irvinə bəzi buraxılışlarda keçmiş NFL ulduzu Brandon Marshall kimi tanınmış qonaq-aparıcılar da qoşulacaq. Bu layihə xüsusilə amerika futbolu azarkeşləri üçün nəzərdə tutulub.
         “The Pete Davidson Show” isə 30 yanvarda start götürəcək. Veriliş hər cümə günü yayımlanacaq və Davidsonun öz qarajında dostları ilə etdiyi səmimi, kulis arxası söhbətlərdən ibarət olacaq. Qeyd edək ki, Pete Davidsonun Netflix-də yayımlanan əvvəlki stand-up şouları platformada yüksək baxış toplamışdı.
         Bu iki layihə Netflix-in artan video podkast portfelinə daxil olacaq. Hazırda platformada iHeartMedia, Spotify və Barstool Sports kimi şirkətlərdən lisenziyalı podkastlar da mövcuddur. Maraqlı məqam ondan ibarətdir ki, bu podkastların tam versiyaları YouTube-da yerləşdirilmir.
        Netflix bu addımı ilə podkast sahəsində əsas oyunçu olan YouTube-a rəqib olmağı hədəfləyir. Şirkətin açıqlamasına görə, 2025-ci ildə istifadəçilər aylıq olaraq televizorlar üzərindən 700 milyon saatdan çox podkast izləyiblər. Buna baxmayaraq, Netflix hələ də bu sahədə inkişafın ilkin mərhələsindədir və milyonlarla podkastın olduğu bazarda ciddi rəqabətlə üz-üzədir.
    Paylaş