'NewSpace' Biznes Akselerator Proqramının Final mərhələsi (Demo Day) baş tutdu

14.06.2019 0 PAYLAŞIM 1149 OXUNMA

    Bakı, 13 iyun 2019 – Bu gün “Azərkosmos” ASC və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzi tərəfindən həyata keçirilən “NewSpace” Biznes Akselerator Proqramının Final mərhələsi(Demo Day) keçirildi. Tədbir Azərbaycan-Fransız Universitetində baş tutdu.


    2018-ci ilin oktyabr ayında elan edilən proqramın əsas məqsədi kosmik xidmətlər və yaxın sahələrdə innovativ startap layihə və məhsullarının aşkar edilməsi, onların inkişafı və bazara çıxışının asanlaşdırılmasına dəstək verilməsidir. Proqram elan edildikdən sonra bu sahəyə maraq göstərən, innovativ ideya, layihə və məhsullara malik – tələbə, sahibkar, startapçı, müəllim, tədqiqatçı və s., peşələrdən olan– sahibkar ruhlu bir çox şəxs proqrama müraciət etdi.


    Startap ekosistemi tərəfindən maraqla qarşılanan proqrama 5 ölkədən ümumilikdə 40 müraciət edildi. Onların arasından seçilmiş ən potensiallı 10 startap layihəsi proqrama qəbul olundu. 2019-cu ilin yanvar-may aylarını əhatə edən “Akselerasiya” dövründə onlara proqramın təşkilatçıları tərəfindən peyk təsvirləri, iş ofisi, texniki və biznes təlimlər, ekspert, mentor və s. dəstək göstərildi. Burada startaplar ekspertlər tərəfindən proqramın müəyyən etdiyi vacib texniki və biznes konseptləri üzərində praktiki işləyərək layihələrinin ilkin işlək versiyasını hazırladılar. Həmçinin, startaplar öz məhsul və prototiplərinin hazırlanması istiqamətində vacib addımları yerinə yetirərək inkişaf etdilər.

    Bu gün keçirilən Final mərhələsində isə sözügedən startaplar Jüri qarşısına çıxdılar. Jüri tərəfindən seçilən 3 qalib startap “Azərkosmos” tərəfindən mükafatlandırılaraq aşağıdakı məbləğlərdə toxum investisiya əldə etdi:

Birinci yer: 10.000 manat,

İkinci yer: 5.000 manat,

Üçüncü yer: 3.000 manat.

    Bunlarla yanaşı, qalib startaplar “Azərkosmos” ilə birlikdə beynəlxalq texnologiya-innovasiya sərgi və konfranslarında iştirak edərək öz məhsullarını xarici bazara təqdim etmək imkanı əldə edəcəklər.


“Azərkosmos” ASC haqqında

    Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.

“Social Innovation Lab (Sil.)” innovasiya mərkəzi haqqında

    “Sil.” Innovasiya mərkəzinin təşkil etdiyi digər beynəlxalq proqramlar haqqında məlumatlı qalmaq üçün “Social Innovation Lab” facebook səhifəsini izləyə və www.sil.vc veb səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.