
Pavel Durov 5 milyon avroluq girov qarşılığında sərbəst buraxılıb
Sosial Media
29.08.2024
Emil
Dünən gecə Fransa məhkəməsi Pavel Durov-a qarşı ittihamlar qaldırdı və onun məhkəmə nəzarəti altında saxlanması qərarını verdi. Bununla yanaşı Durov 5 milyon avro girov qarşılığında sərbəst buraxılıb. Lakin onun Fransa ərazisini tərk etməsinə də qadağa qoyulub. Fransa məhkəməsi tərəfindən təyin edilmiş qərara əsasən Durov həftədə 2 dəfə polis bölməsinə baş çəkməlidir. Məlumata əsasən Durov 6 qanun pozuntusunda ittiham olunur.
- Qeyri-qanuni tranzaksiyaların təmin olunmasında iştirak
- Pornoqrafik materialların yayılmasında iştirak. O cümlədən azyaşlıları əhatə edən pornoqrafik materialların yayılması da bu mövzuya daxil edilib
- Narkotik vasitələrin dövriyyəsində iştirak
- Kriptoloji xidmətlərin təqdim edilməsi
- Səlahiyyətli dövlət orqanların sorğuları əsasında lazımi məlumatların və sənədlərin təqdim edilməsindən imtina.
Durov-a qarşı qaldırılmış bu ittihamlar üzrə o, 10 il müddətinə azadlıqdan məhrum ola bilər. Qeyd etmək lazımdır ki, daha öncə Durov-a qarşı 12 mövzuda ittihamların qaldırılması gözlənilirdi. Bu halda onu 20 il müddətinə azadlıqdan məhrum olma cəzası gözləyə bilərdi. Paris prokurorluğu bildirib ki, Fransanın hüquq-mühafizə orqanları bu ilin fevral ayından Telegram barəsində araşdırmanın aparılmasına start veriblər.
Səbəb isə messencer rəhbərliyinin Fransa məhkəməsi sorğularına cavab verməməsi olub. Daha əvvəl də xəbər verildiyi kimi Telegram-da ciddi moderasiyanın olmaması səbəbilə Durov, Fransanın hüquq-mühafizə orqanlarının diqqətlərini öz üzərinə cəlb edib. Messencerdə ciddi moderasiyanın olmaması səbəbilə o, cinayətkarlar arasında çox məşhurlaşıb. Hüquq-mühafizə orqanlarının vermiş olduqları məlumata əsasən messencer bu vəziyyətin duzəlməsi istiqamətində heç bir səy göstərməyib və üstəlik dövlət orqanları ilə əməkdaşlıqdan imtina edib.
Paylaş