Logo
    main-post-cover

    Reddit paylaşımları süni intellektlə podkast və qısa videolara çevirir

        Reddit istifadəçilərin platformadakı məzmunu daha fərqli formada istehlak etməsi üçün yeni süni intellekt funksiyasını sınaqdan keçirir. Təcrübə çərçivəsində bəzi mətn əsaslı paylaşımlar AI səsləri ilə oxunan qısa videolara çevrilir.
        Hazırlanan videolarda paylaşımın əsas mətni və seçilmiş şərhlər süni intellekt səsləri tərəfindən səsləndirilir. Mətn isə səsli oxunuş zamanı ekranda vurğulanır. Videonun altında bunun “AI tərəfindən səsləndirilmiş real söhbət” olduğu qeyd edilir.
       Məsələn, Reddit-in r/boardgames bölməsində səkkiz il əvvəl paylaşılmış və 101 cavab alan bir mövzu artıq yalnız mətn formatında deyil, təxminən üç dəqiqəlik video şəklində də təqdim olunur. İstifadəçilər səhifənin yuxarısındakı keçid vasitəsilə “Read” seçimini edərək ənənəvi mətn formatına, “Play” seçimini edərək isə videoya baxa bilirlər.
        Yeni təcrübə Reddit-in son dövrlərdə video məzmununa daha çox diqqət ayırması ilə də əlaqəlidir. Şirkət səhmdarlara göndərdiyi məktubda istifadəçilərin və icmaların platformada məzmunla necə əlaqə qurduğunu və onu necə istehlak etdiyini “müasir video təcrübəsi” ilə yenidən formalaşdırmaq istədiyini bildirib.
        Reddit CEO-su Steve Huffman da şirkətin istifadəçilərə paylaşımları arxa planda dinləməyə imkan verəcək funksiya üzərində işlədiyini açıqlamışdı. Onun sözlərinə görə, artıq Reddit paylaşımlarını AI səsləri ilə oxuyan videolardan ibarət ayrıca kontent növü formalaşıb və Reddit-in özündə də paylaşımların dinlənilə bilən versiyası maraqlı ola bilər.
        Hazırda bu təcrübə internet versiyasında məhdud şəkildə aktivdir. Şirkətin sözçüsü Rosa Kim-in bildirdiyinə görə, funksiya avqustun 18-dən etibarən iOS və Android istifadəçiləri üçün də mərhələli şəkildə təqdim olunmağa başlayacaq.
    Paylaş