Reddit r/all bölməsini bağlayır
Sosial Media
03.04.2026
Sevinj
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Reddit platforması istifadəçilərə ən populyar paylaşımları göstərən əsas bölmələrdən biri olan r/all lentini bağlamaq qərarına gəlib. Şirkət bu addımı platformanı sadələşdirmək və istifadəçilər üçün daha fərdiləşdirilmiş ana səhifə (Home feed) təcrübəsini gücləndirmək məqsədi ilə atdığını açıqlayıb.
r/all uzun illər Reddit-də ən populyar paylaşımları göstərən, nisbətən az filtrdən keçən qlobal lent kimi istifadə olunurdu. Reddit artıq yanvar ayından etibarən r/all bölməsini mobil tətbiqdən silməyi test etməyə başlamışdı. Fevral ayında isə şirkət bu testin nəticələrinə əsasən r/all bölməsinin tamamilə ləğv ediləcəyini qərarlaşdırdı. Hazırda r/all linkinə daxil olduqda istifadəçilər avtomatik olaraq öz fərdiləşdirilmiş ana səhifələrinə yönləndirilirlər. Bu bölmə artıq Reddit-in yan panelində də görünmür.
Bununla belə, r/all tamamilə yox olmayıb. Köhnə Reddit interfeysindən (old Reddit) istifadə edənlər hələ də bu lentə daxil ola bilirlər. Reddit bildirib ki, qlobal trend paylaşımlarını görmək istəyən istifadəçilər üçün r/popular bölməsi hələlik fəaliyyətini davam etdirəcək, lakin gələcəkdə bu bölmədə də dəyişikliklər edilə bilər. Şirkət həmçinin yeniyetmələr üçün yeni məxfilik qaydaları tətbiq edəcəyini açıqlayıb. Yeni qaydalara əsasən, 18 yaşdan kiçik istifadəçilərin profilləri gizli olacaq və onların hesablarını izləmək mümkün olmayacaq. Bu dəyişikliklərin aprel ayının əvvəlindən tətbiq olunacağı bildirilib.
Paylaş