Satışdan sonra ikinci böyük problem! TikTok-da yenə kəsinti yaşanıb
Sosial Media
04.03.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-də bəzi TikTok istifadəçiləri tətbiqdən istifadə zamanı çətinliklərlə üzləşib. Şirkətin açıqlamasına görə, problem Oracle şirkətinə məxsus məlumat mərkəzində yaranan texniki nasazlıqla bağlıdır.
TikTok-un X platformasında yaydığı məlumata əsasən, xüsusilə kontent yaradıcıları paylaşımlar edərkən gecikmələr və yükləmə problemləri ilə qarşılaşa bilər. Şirkət bildirib ki, Oracle komandası problemi aradan qaldırmaq üzərində işləyir.
İstifadəçi şikayətlərini izləyən Downdetector platformasına görə, nasazlıq ABŞ şərq vaxtı ilə səhər saat 09:00-dan əvvəl başlayıb. Oracle da sosial mediada paylaşım edərək kəsintinin həmin saatlarda qeydə alındığını təsdiqləyib.
Oracle hazırda TikTok-un ABŞ əməliyyatlarını idarə edən TikTok USDS Joint Venture adlı ortaq layihənin əsas investorlarından biridir və bu qurumun 80 %-nə sahib olan investor qrupunun tərkibində yer alır. Bu struktur ABŞ-də qəbul edilən milli təhlükəsizlik qanununa uyğun olaraq ByteDance şirkətinin Amerika biznesini ayırması məqsədilə yaradılmışdı.
Qeyd edək ki, Oracle uzun müddətdir TikTok üçün bulud xidmətləri təqdim edir və istifadəçi məlumatlarının idarə olunmasında iştirak edir. Yanvar ayında satış prosesindən qısa müddət sonra da oxşar problem yaşanmış, həmin kəsinti güclü qış fırtınasının Oracle məlumat mərkəzinə təsiri ilə əlaqələndirilmişdi. Hazırkı nasazlığın dəqiq səbəbi isə hələlik açıqlanmayıb.
Paylaş