Logo
    main-post-cover

    Snap sosial media asılılığı ilə bağlı iddianı yekunlaşdırıb

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Snap Inc. sosial media asılılığı ilə bağlı açılmış məhkəmə işi üzrə razılaşmaya gedib. New York Times qəzetinin məlumatına görə, razılaşma çərşənbə axşamı Kaliforniyanın Los-Anceles dairəsi üzrə Ali Məhkəməsində elan olunub.
        İddia məhkəmə sənədlərində K.G.M. kimi qeyd olunan 19 yaşlı gənc tərəfindən qaldırılmışdı. İddiaçı Snapchat-in alqoritmləri və məhsul dizaynının asılılıq yaratdığını, bunun isə ciddi psixoloji problemlərə səbəb olduğunu iddia edirdi. Razılaşmanın isə şərtləri açıqlanmayıb.
        Dava çərçivəsində Meta, YouTube və TikTok da cavabdeh qismində göstərilir. Lakin bu platformalarla hələlik heç bir razılaşma əldə olunmayıb. Qeyd edək ki, Snap hazırda ona qarşı açılmış digər oxşar sosial media asılılığı iddialarında da cavabdeh olaraq qalır.
        Məhkəmə proseslərində üzə çıxarılan sənədlərə əsasən, Snap əməkdaşları yeniyetmələrin psixi sağlamlığı üçün risklər barədə ən azı doqquz il əvvəl xəbərdarlıq ediblər. Şirkət isə bu nümunələrin “kontekstdən çıxarıldığını” və məqsədli şəkildə seçildiyini bildirib.
        İddiaçılar bu işləri 1990-cı illərdə tütün şirkətlərinə qarşı açılmış məhkəmələrlə müqayisə edərək, sosial media platformalarının potensial zərərləri gizlətdiyini iddia edirlər. Onların fikrincə, sonsuz sürüşdürmə (infinite scroll), avtomatik video oynatma və alqoritmik tövsiyələr istifadəçiləri tətbiqlərdə daha çox vaxt keçirməyə məcbur edir və bu da depressiya, qida pozuntuları və özünə zərər vermə kimi hallara yol açır.
    Paylaş