main-post-cover

    Telegram-dakı kanalların analoqu: Instagram-da Channels adlı yeni funksiya istifadəyə verilib

    Sosial Media
    17.02.2023
    Farid Pardashunas
        Meta şirkətinin CEO-su Mark Zuckerberg Instagram-da Channels (kanallar) adlı yeni funksiyanın istifadəyə verildiyini elan edib. Sözügedən yeni funksiya Instagram daxilində mesajlar bölməsinə inteqrasiya edilib və o öz funksionallığı üzrə Telegram-dakı kanalları xatırladır. Belə ki, Instagram daxilində istifadəyə verilmiş Channels funksiyası vasitəsilə bir istifadəçi kontentləri, mesajları və s. məlumatları öz kanalındakı izləyiciləri ilə bölüşə biləcək. Channels funksiyası istifadəçilərə kanal daxilində mətnli mesajlar və fotolar göndərməyi, izləyicilər arasında sorğu keçirtməyi və s. imkanları reallaşdırmağı mümkün edir.
        Bu yeni funksiya çərçivəsində Zuckerberg öz kanalının istifadəyə verildiyini elan edib. Öz kanalında Zuckerberg Meta şirkətinin məhsullarında olacaq yeniliklər barəsində məlumatları izləyiciləri ilə bölüşəcək. Gələcəkdə isə tərtibatçılar Channels imkanlarını müxtəlif funksiyalar vasitəsilə genişləndirəcəklər. Kanallarda mesajlara baxmaq imkanı bütün Instagram istifadəçiləri arasında aktivləşdirilib. Lakin kanalda paylaşılacaq mesajlar barəsində bildirişləri yalnız kanala abunə olmuş istifadəçilər əldə edəcəklər. İstifadəçilər öz istəklərinə uyğun olaraq bu və ya digər kanaldan çıxa və ya onlarda bildişləri ayarlaya bilərlər.
        Bu yeni funksiya hamı üçün açıq şəkildə təqdim edilən mesajlar üçün nəzərdə tutulub. Buna görə də kanallar daxilində paylaşılan mesajlar şəxsi çatlarda olan mesajlar kimi emal edilmir. Bununla belə istifadəçilər kanal daxilində Meta şirkətinin daxili qanunlarını pozan hər hansısa məlumatı və ya kontenti əks etdirən mesajı görsələr, bu barədə sosial şəbəkənin administrasiyasına sorğu göndərə bilərlər. Channels funksiyası ABŞ-da məhdud sayda istifadəçi arasında istifadəyə verilib. Yaxın aylar ərzində bu yeni funksiya daha çox istifadəçi üçün aktiv olacaq. Bundan əlavə olaraq Zuckerberg qeyd edib ki, yaxın zamanda Channels funksiyası həmçinin Messenger-ə və Facebook-a da inteqrasiya ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər