main-post-cover

    Telegram Premium-un istifadəçilər üçün olacaq bütün üstünlükləri məlum olub

    Sosial Media
    07.06.2022
    Emil Nəcəfov
        Telegram-da ödənişli funksiyaların istifadəyə veriləcəyi barəsində məlumatlar artıq uzun müddətdir ki, internetdə ortaya çıxır. İndi isə Telegram-ın keçmiş tərtibatçısı Telegram Premium-da hansı üstünlüklərin olacaqları barəsində tam məlumat verib. Faktiki olaraq Telegram Premium abunəçiliyini əldə edəcək bütün istifadəçilərdə daha öncədən mövcud olmuş limitlər iki dəfə yüksələcək. Məsələn Telegram Premium istifadəçiləri maksimal olaraq 2 GB həcm əvəzinə 4 GB həcmə sahib faylları yükləyə biləcəklər. Bundan əlavə olaraq bir qovluq daxilində 100 çat əvəzinə 200 çat yerləşdirmək mümkün olacaq. Həmçinin messencer daxilində çatlar siyahısının yuxarı hissəsində bərkidilən çatların sayı 5-dən 10-a yüksələcək. İstifadəçilər tərəfindən seçilmiş sevimli stikerlər siyahısına 10 ədəd stiker əlavə etmək mümkün olacaq. İndiki halda istifadəçilər sözügedən siyahıya 5 ədəd stiker əlavə edə bilirlər.
        Kanallar və super qruplar üçün olan ictimai linklərin sayı isə 10-dan 20-yə yüksələcək. Telegram Premium-a keçid etmək üçün ən diqqət çəkən özəlliklərdən biri də yüksəldilmiş yüklənmə sürəti ola bilər. Belə ki, Telegram Premium istifadəçiləri faylların yüklənməsi zamanı prioritet əldə edəcəklər. Telegram Premium-un ən faydalı funksiyalarından biri də səsli mesajların mətn formatına çevrilməsi funksiyası olacaq. İstifadəçilər bu prosesi bir kliklə reallaşdıra biləcəklər. Ödənişli abunəliyin üstünlükləri arasında həmçinin reklamların olmaması, animasiyalı avatarlar, mesajlara verilən unikal reaksiyalar və tam ekran effektli premium stikerlər olacaq. Bundan əlavə olaraq Telegram Premium istifadəçilərinin hesabları qarşısında ulduz şəklində xüsusi ikon mövcud olacaq. Telegram Premium-un nə zaman istifadəyə veriləcəyi bilinmir. Lakin verilmiş məlumata əsasən onun aylıq ödənişi 4.99$ təşkil edəcək.
    Linki kopyala