Logo
    main-post-cover

    Texas məhkəməsi Apple üçün yaş yoxlaması tələbini dayandırıb

         Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, ABŞ-nin Texas ştatında məhkəmə Apple üçün müvəqqəti rahatlıq yaradıb. Şirkət App Store istifadəçilərinin yaşını yoxlamağı məcbur edən yeni ştat qanununu hələlik tətbiq etməkdən azad olunub.
          Texas App Store Accountability Act adlı qanuna əsasən, Apple 1 yanvar 2026-cı ildən etibarən App Store istifadəçilərinin yaşını təsdiqləməli idi. Lakin bu tarixə az qalmış, federal hakim Robert Pitman qanunun icrasını dayandıran ilkin qərar (preliminary injunction) verib. Hakimin qərarı qanunu tam ləğv etmir, sadəcə onun Texasda qüvvəyə minməsini müvəqqəti olaraq dayandırır. Pitman bu qanunu kitab mağazasına daxil olan hər bir şəxsin yaşının yoxlanmasına bənzədib və yetkinlik yaşına çatmayanların kitab alması üçün valideyn icazəsi tələb olunması ilə müqayisə edib.
         Hakim hələlik işin mahiyyəti üzrə qərar verməsə də, açıqlaması qanunu müdafiə edən tərəfin məhkəmədə çətinlik yaşayacağını göstərir. Məhkəmə iddiası Apple, Google və Meta-nı təmsil edən Computer & Communications Industry Association tərəfindən qaldırılıb. Təşkilat bildirib ki, bu qanun mobil tətbiqlər üçün genişmiqyaslı senzura rejimi yaradır və yeniyetmələrin onlayn söz azadlığını məhdudlaşdırır.
         Texas ştatı isə qanunun konstitusiyaya uyğun olduğunu iddia edir və qərardan Beşinci Dairə Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Oxşar qanunların digər ştatlarda da tətbiq olunması və ABŞ Konqresində müzakirə edilməsi fonunda Texasın bu addımı atacağı ehtimal olunur.
    Paylaş