Threads gündəlik aktiv istifadəçi sayına görə X-ə yaxınlaşır
Sosial Media
13.08.2025
Cəmi 2 il əvvəl Twitter-ə (indiki X) rəqib kimi istifadəyə verilmiş Meta-nın sosial platforması Threads-in aylıq aktiv istifadəçilərinin sayı 400 milyonu keçib. Bu barədə Instagram rəhbəri Adam Mosseri məlumat verib. “Bir neçə həftə əvvəl Threads-in aylıq aktiv istifadəçilərinin sayı 400 milyonu keçdi. Son 2 il çox gərgin keçdi. Hər şey Twitter-lə rəqabət aparmaq kimi dəli bir ideya ilə başladı, lakin açıq fikir mübadiləsinə imkan yaradan əhəmiyyətli bir platformaya çevrildi” - deyə Mosseri bildirib. Bu yeni mərhələ o deməkdir ki, son rüb ərzində Threads 50 milyon yeni aylıq aktiv istifadəçi cəlb edə bilib.
Aprelin son həftəsində Meta-nın baş direktoru Mark Zuckerberg platformanın aktiv istifadəçi sayının 350 milyonu keçdiyini bildirmişdi. Bununla belə, X-in keçmiş baş direktory Linda Yaccarino-nun əvvəlki açıqlamalarına görə, X tətbiqinin aylıq aktiv istifadəçi sayı 600 milyonu ötüb. Analitik şirkət Similarweb-in son məlumatları göstərir ki, Threads mobil cihazlarda X tətbiqinin gündəlik istifadəçi sayına yaxınlaşır. 2025-ci ilin iyun ayında iOS və Android üçün Threads tətbiqinin gündəlik aktiv istifadəçi sayı 115.1 milyon olub ki, bu da əvvəlki illə müqayisədə 127.8% çoxdur.
Eyni zamanda X tətbiqinin gündəlik aktiv istifadəçi sayı 132 milyon təşkil edib ki, bu da ötən illə müqayisədə 15.2% azdır. Lakin eyni Similarweb məlumatlarına görə, dünya üzrə X platformasının veb-versiyasına gündəlik giriş sayı Threads-dən xeyli çoxdur: iyun ayında Elon Musk-a məxsus sosial şəbəkəyə gündəlik orta giriş sayı 145.8 milyon olub, Threads-də isə cəmi 6.9 milyon təşkil edib. Threads-in artımı son 1 ildə platformaya şəxsi mesajlaşma, istifadəçi lentləri, süni intellektdə təkmilləşdirmələr və bir çox başqa yeni funksiyaların əlavə edilməsi ilə əlaqədardır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...