Threads veb versiyası yenilənir
Sosial Media
17.04.2026
Sevinj
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta şirkəti Threads platformasının veb versiyası üçün yeni dizaynı test etməyə başlayıb. Yenilənmə çərçivəsində istifadəçilərin uzun müddətdir gözlədiyi bir xüsusiyyət olan DM, nəhayət vebə əlavə olunur. Qeyd edək ki, bu funksiya mobil tətbiqdə ötən ilin iyun ayından mövcuddur.
Threads-in rəhbəri Connor Hayes tərəfindən təqdim edilən yeni dizayn istifadəçilər üçün daha rahat naviqasiya imkanı yaradır. Sol menyuda (left rail) artıq saxlanılan paylaşımlar, statistika (insights), aktivlik və müxtəlif lentlər arasında keçid kimi qısa yollar yer alacaq. Bu funksiyalar əvvəllər də mövcud olsa da, tapılması çətin idi.
Ən vacib yenilik isə Threads inbox-unun veb versiyaya əlavə olunmasıdır. İndiyə qədər istifadəçilər birbaşa mesajlara yalnız mobil tətbiq vasitəsilə daxil ola bilirdilər.
Yeni dizaynın nə vaxt bütün istifadəçilər üçün əlçatan olacağı hələ dəqiq bilinmir. Lakin şirkət artıq test mərhələsinə başlayıb və gələcəkdə bu istiqamətdə daha çox investisiya edəcəyini açıqlayıb. Qeyd edək ki, Threads-in veb versiyası sonuncu dəfə ötən ilin aprel ayında böyük yeniləmə almışdı.
Bundan əlavə, mobil tətbiqdə də bəzi dəyişikliklər edilir. Yeniləməyə əsasən, paylaşımlara verilən cavablar bir qədər içəri çəkilmiş formada göstəriləcək ki, bu da müzakirələri izləməyi asanlaşdıracaq. Bu funksiya artıq iOS-da istifadəyə verilib, Android üçün isə test mərhələsindədir.
Paylaş