Logo
    main-post-cover

    TikTok bloklanmasından 24 saat keçməmiş ABŞ-da fəaliyyətini bərpa edib

    Sosial Media
    21.01.2025
    Emil
            ABŞ-ın keçmiş prezidenti Joe Biden tərəfindən keçən ilin aprel ayında imzalanmış qanun layihəsinə əsasən 19 yanvar tarixində TikTok rəsmi şəkildə ABŞ-da fəaliyyətini dayandırdı. Lakin TikTok-un ABŞ-da bloklanmasına istiqamətlənmiş qanun layihəsinin icrasından heç 24 saat keçməmiş bu məşhur platforma ABŞ-dakı fəaliyyətini tədricən bərpa etməyə başladı. Ardından isə TikTok, X-dəki (keçmiş Twitter) hesabında bildirdi ki, o öz fəaliyyətinin bərpası prosesindədir və bu mövzuda ABŞ-ın yeni prezidenti Donald Trump-a təşəkkürünü bildirir. Bununla belə TikTok-un tətbiqi hələ də App StoreGoogle Play-ə geri qaytarılmayıb.
       “Bizim provayder xidmətlərini təqdim edən tərəfdaşlarımız ilə olan razılaşmaya əsasən TikTok öz fəaliyyətinin bərpası prosesindədir. Biz, provayder xidmətlərini təklif edən tərəfdaşlarımızın TikTok-u 170 milyon amerikalıya təqdim etmələri və 7 milyondan çox kiçik biznesin bu platforma vasitəsilə inkişaf etməsini təmin etmələri səbəbilə heç bir cəriməyə məruz qalmayacaqlarını təsdiq etmiş prezident Trump-a minnətdarlığımızı bildiririk” - deyə TikTok qeyd edib. TikTok həmçinin bildirib ki, o, platformanın ABŞ-da fəaliyyətinin davam etdirilməsinə istiqamətlənmiş uzunmüddətli həll yolunun formalaşdırılması yolunda Trump ilə çalışmağa davam edəcək.
           Hətta ABŞ-da TikTok-a daxil olan zaman da ekranda bu platformanın Trump-ın səyləri nəticəsində ABŞ-da fəaliyyətini davam etdirməsi bildirişi əks olunur. ABŞ-ın keçmiş prezidenti Joe Biden-in administrasiyası Ağ Evdən ayrılmağa yaxın bildirmişdi ki, TikTok-a təyin edilmiş qadağanın davam etdirilməsi növbəti administrasiyadan asılı olacaq. Bu bəyanatdan sonra isə Trump bildirdi ki, o, qadağanın təxirə salınması niyyətindədir və 20 yanvar tarixində prezidentlik vəzifəsinə başlayan kimi TikTok-un yerli şirkətlərdən birinə satılması üzrə təyin olunmuş müddəti uzadacaq.
    Paylaş