TikTok “Nearby Feed” funksiyasını istifadəyə verir
Sosial Media
05.12.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, TikTok istifadəçilərin yaşadıqları və ya olduqları bölgədə paylaşılmış videoları daha rahat kəşf etmələri üçün “Nearby Feed” adlı yeni lent təqdim edib. Şirkətin açıqlamasına görə, bu funksiya insanların yaxınlıqda yeni restoran tapmasına, səyahət zamanı ətrafda nə baş verdiyini öyrənməsinə və ya sadəcə yerli trendləri izləməsinə imkan yaradır. Funksiya ilkin olaraq Böyük Britaniya, Fransa, İtaliya və Almaniyada aktivləşdirilir.
TikTok bu cür yerli məzmun lentini ilk dəfə 2022-ci ildə Cənub-Şərqi Asiyada kiçik test çərçivəsində sınaqdan keçirmişdi. İndi isə funksiyanın daha geniş auditoriyaya təqdim edilməsi planlaşdırılır. Şirkətin məlumatına görə, Nearby Feed-də göstərilən videolar istifadəçinin yerləşdiyi bölgə, məzmunun mövzusu və paylaşılma vaxtına əsasən seçilir. Bu isə o deməkdir ki, istifadəçilər səfər, yerli tədbirlər, xidmətlər və digər maraq dairələrinə uyğun videoları görə biləcəklər. Kontent yaradıcıları üçün isə bu, paylaşımlarının həmin şəhər və ya regionda daha çox insana göstərilməsi deməkdir.
TikTok-un qeyd etdiyi vacib məqam isə məkan paylaşımının tam könüllü olmasıdır. Bu seçim yalnız 18 yaşdan yuxarı istifadəçilərdə aktiv olur və istifadəçi razılıq verdiyi halda cihazın GPS məlumatları tətbiq açıq olan zaman daha dəqiq tövsiyələr üçün istifadə edilə bilər. iOS cihazlarında isə yer məlumatı oxunduğu anda ekranda xüsusi indikator görünəcək. Platforma həmçinin vurğulayır ki, yer məlumatları yerli qanunvericiliyə uyğun şəkildə toplanır və istifadə olunur. 18 yaşdan aşağı istifadəçilərin, özəl hesabı olanların və ya paylaşımlarını yalnız dostları üçün açanların videoları Nearby Feed-də görünməyəcək.
İstifadəçi başqa bir bölgənin “Nearby” məzmununu görmək istəyərsə, tətbiqdə yerləşmə bölməsinə daxil olaraq yeni lokasiya seçə bilər. Bu xüsusiyyət həm səyahət edənlər, həm də başqa şəhərlər haqqında araşdırma aparmaq istəyənlər üçün faydalı ola bilər.
Paylaş