Logo
    main-post-cover

    TikTok-un ABŞ-da qadağası qeyri-müəyyən müddətə kimi təxirə salına bilər

    Sosial Media
    10.06.2025
    Emil
         ABŞ prezidenti Donald Trump TikTok-un ölkədə fəaliyyətinə qoyulan qadağanın tətbiqini yenidən təxirə salmağı planlaşdırır. Daha əvvəl, 4 aprel tarixində o bu məhdudiyyətlərin qüvvəyə minməsini təxirə salmışdı ki, şirkətə, potensial amerikalı alıcılara və Çin hakimiyyətinə danışıqlar üçün daha çox vaxt verilsin. Lakin o vaxtdan bəri sövdələşmə ilə bağlı demək olar ki, heç bir irəliləyiş əldə olunmayıb. Hazırkı təxirəsalma 19 iyunda başa çatır, lakin ABŞ və Çin arasında aparılan danışıqların vəziyyətinə baxdıqda, bu tarixə qədər razılaşmanın əldə olunacağı inandırıcı görünmür.
         Məsələni həmçinin Trump administrasiyasının tarif siyasətindəki dəyişikliklər də çətinləşdirir. Qeyd olunur ki, ikitərəfli ticarət danışıqları yaxın həftələrdə bərpa oluna bilər, lakin TikTok-un Amerika versiyasının mümkün satışı məsələsi bu danışıqlarda rəsmi şəkildə gündəmə gətirilməyib. Sazişdə iştirak edə biləcək namizədlər arasında hələ də TikTok-la bulud provayderi kimi əməkdaşlıq edən Oracle şirkəti qalır. Xatırladaq ki, TikTok-a qoyulmuş qadağa 19 yanvar 2025-ci ildə qüvvəyə minib. Şirkət bu qərarı məhkəmədə mübahisələndirməyə çalışsa da, ABŞ Ali Məhkəməsi hökumətin qərarını dəstəkləyib. Buna cavab olaraq Trump 20 yanvar 2025-ci ildə qadağanın dayandırılması ilə bağlı ilk sərəncamı imzalayıb.
    Paylaş