Logo
    main-post-cover

    TikTok-un ABŞ-dakı aqibəti gələn həftənin bazar ertəsi bilinəcək

    Sosial Media
    13.09.2024
    Emil
         Gələn həftənin bazar ertəsi baş tutacaq məhkəmə TikTok-un ABŞ-dakı aqibətinin necə olacağını təyin edə bilər. Belə ki, Kolumbiya dairəsinin apellyasiya məhkəməsi TikTok-un ABŞ ərazisində bloklanmasına istiqamətlənmiş qanun layihəsinin ləğvi ilə bağlı məhkəmə işinə baxacaq. Maraqlısı isə ondadır ki, bu məhkəmə prosesi ABŞ-da prezident seçkiləri öncəsi prezidentliyə namizəd iki şəxs arasındakı yarışın fonunda baş tutacaq. Məsələ burasındadır ki, həm Donald Trump həm də Kamala Harris özlərinə yeni seçicilərin cəlb olunması istiqamətində aktiv şəkildə TikTok-dan istifadə edir.
         TikTok-un sahibi olan ByteDance şirkətinin fikrincə bu məşhur platformanın ABŞ ərazisində bloklanmasına istiqamətlənmiş qanun layihəsi konstitusiyaya ziddir və o, amerikalıların söz azadlığı hüquqlarını pozur. Qeyd etmək lazımdır ki, bu qanun layihəsi ABŞ Konqressi tərəfindən bu ilin aprel ayında qəbul edilmişdi. ByteDance şirkəti bildirib ki, qanun layihəsinin tələbinə əsasən TikTok-un ABŞ şirkətlərindən birinə satılması həm texnoloji həm kommersiya həm də hüquqi tərəfdən mümkün deyil. Məhkəmənin bu məsələyə aydınlıq gətirməyəcəyi halda TikTok artıq 19 yanvar 2025-ci il tarixində ABŞ ərazisində bloklanacaq. Gələn həftənin bazar ertəsi məhkəmə hakimləri Sri Srinivasan, Neomi Rao Douglas Ginsburg, TikTok və onun istifadəçiləri tərəfindən bu mövzuda qaldırılmış məhkəmə iddialarına` baxacaqlar.
    Paylaş