TikTok və Apple Music əməkdaşlığa başladı
Sosial Media
11.03.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, TikTok və Apple Music yeni tərəfdaşlıq çərçivəsində istifadəçilərin musiqi dinləmə təcrübəsini genişləndirən funksiyalar təqdim edib. Şirkətin açıqlamasına görə, artıq Apple Music abunəçiləri TikTok tətbiqini tərk etmədən bəyəndikləri mahnıları tam versiyada dinləyə biləcəklər.
Yeni funksiyaya əsasən, istifadəçilər “For You” lentində və ya mahnının detalları səhifəsində qarşılarına çıxan musiqini seçərək “Play Full Song” (Mahnını tam dinlə) düyməsinə toxunacaqlar. Bu zaman Apple Music pleyeri birbaşa TikTok daxilində açılacaq və mahnı tam şəkildə səsləndiriləcək. Sistem Apple-ın MusicKit texnologiyası üzərində qurulduğu üçün dinləmələr rəsmi olaraq Apple Music platformasında hesablanacaq və müəlliflərə ödəniş ediləcək.
TikTok bildirir ki, yenilik istifadəçilərin musiqini kəşf etdiyi an ilə onu daha dərindən dinləməsi arasındakı prosesi sadələşdirmək məqsədi daşıyır. Maraqlıdır ki, hazırda bu imkan digər musiqi servisləri, o cümlədən Spotify üçün təqdim olunmur.
Tərəfdaşlıq çərçivəsində təqdim edilən digər yenilik isə “Listening Party” funksiyasıdır. Bu xüsusiyyət fanatlara sevdikləri ifaçıların mahnılarını real vaxt rejimində birlikdə dinləməyə imkan verir. İstifadəçilər sessiya zamanı həm bir-biri ilə, həm də artistlə ünsiyyət qura biləcəklər ki, bu da musiqi təcrübəsini daha sosial hala gətirir. Yeni funksiyalar yaxın həftələr ərzində mərhələli şəkildə bütün dünyada istifadəyə veriləcək.
TikTok son illərdə musiqi sənayesində trend yaradan əsas platformalardan birinə çevrilib. Şirkət əvvəllər öz musiqi striminq xidmətini yaratmağa cəhd etsə də, daha sonra bu layihəni bağlayaraq diqqətini musiqi kəşfi və istifadəçiləri striminq platformalarına yönləndirməyə yönəldib. Platformada artıq “Add to Music App” funksiyası vasitəsilə mahnıları seçilən musiqi tətbiqlərinə əlavə etmək və Apple Music və Spotify-dan mahnıları birbaşa TikTok-da paylaşmaq da mümkündür.
Paylaş