Logo
    main-post-cover

    Twitch və Amazon strimerlərin kontentindən süni intellekt təlimində istifadə etdikləri iddiası ilə məhkəməyə verilib

    Sosial Media
    24.08.2026
        ABŞ-də bir strimer Twitch və Amazon-a qarşı kollektiv iddia qaldırıb. İddiada şirkətlərin strimerlərin yayım və videolarından süni intellekt modellərini öyrətmək üçün istifadə etdiyi, lakin bunun üçün kontent yaradıcılarından icazə almadığı bildirilir.
        Konnektikut ştatında yaşayan strimer Warren Pandiscia bu həftənin əvvəlində Twitch və Amazon-a qarşı kollektiv məhkəmə iddiası qaldırıb. Courthouse News-un yaydığı məlumata görə, şikayətdə şirkətlərin onun Twitch yayımlarını və videolarını Amazon-un süni intellekt məhsullarını inkişaf etdirmək üçün lazım olan məlumat bazasına daxil etdiyi, lakin bunun üçün lisenziya və ya icazə almadığı iddia olunur.
        Bu ayın əvvəlində Twitch Support platformasında yayımlanan açıqlamada istifadəçilərə kanal kontentlərinin Amazon-un generativ süni intellekt modellərinin təlimində istifadəsindən imtina etmək imkanı verildiyi bildirilib. Yəni bu funksiya ilkin olaraq aktivdir və istifadəçilər istəmədikləri halda onu özləri deaktiv etməlidirlər.
        Daha sonra Twitch-in müntəzəm olaraq yayımladığı Patch Notes proqramında şirkətin məhsul üzrə baş direktoru Mike Minton bu yanaşmanı izah edib. İzləyicilərdən biri AI təlimi üçün istifadənin niyə əvvəlcədən aktiv edilməsini və istifadəçilərin ayrıca imtina etməli olduğunu soruşduqda, Minton “opt-in olsaydı, heç kim qoşulmazdı” deyə cavab verib.
        Yeni məhkəmə iddiasında isə Twitch və Amazon-un bu siyasəti ilə müqavilə şərtlərini pozduğu iddia edilir. Şikayətə əsasən, şirkətlər strimerlərin kontentindən ayrıca kommersiya məqsədli süni intellekt məhsulları üçün “pulsuz təlim resursu” kimi istifadə edib.
        İddiada həmçinin Twitch strimerlərinin şirkətlərin bu fəaliyyətindən maddi zərər gördüyü və Amazon ilə Twitch-in onların kontentindən qanunsuz, ədalətsiz və aldadıcı şəkildə faydalandığı irəli sürülür.
        Amazon süni intellekt modellərinin təlimində kontent yaradıcılarının materiallarından istifadə etməklə bağlı məhkəmə iddiası ilə üzləşən ilk şirkət deyil. Bu ilin əvvəlində üç YouTuber də Apple-a qarşı kollektiv iddia qaldıraraq şirkəti müəllif hüquqları ilə qorunan kontenti süni intellekt modellərinin təlimi üçün toplamaqda ittiham edib.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...