
Twitter Blue abunəliyinin istifadəçi kütləsi ləng şəkildə genişlənir
Sosial Media
06.04.2023
Emil
Hələ bir neçə müddət bundan öncə Twitter Blue abunəliyi dünyadakı bütün istifadəçilər üçün aktivləşdirildi. Qeyd etmək lazımdır ki, Twitter Blue abunəliyini əldə edən istifadəçi öz hesabını rəsmi şəkildə təsdiqləmiş olur və onun hesabında müvafiq olaraq göy rəngli təsdiq işarəsi əks olunur. Bununla yanaşı Twitter Blue abunəliyini əldə etmiş istifadəçi sosial şəbəkənin əlavə funksiyalarından istifadə edə bilər. Lakin verilmiş məlumata əsasən Twitter-in sözügedən abunəliyinə həsr edilmiş səhifəyə keçid edən istifadəçilərin çox az bir hissəsi nəticədə abunəliyi əldə edir.
Bloomberg saytının verdiyi məlumata əsasən mart ayında sosial şəbəkənin Twitter Blue abunəliyinin səhifəsinə keçid etmiş 2.6 milyon istifadəçidən yalnız 116 000-i nəticədə abunəliyi əldə edib. Qeyd etmək lazımdır ki, Twitter-in saytı vasitəsilə abunəliyi əldə edən zaman o, aylıq 8$-a başa gəlir. Abunəliyi sosial şəbəkənin tətbiqində əldə etmək istəyən zaman isə istifadəçi aylıq 11$ ödəməli olur. Belə ki, App Store ilə Google Play-in əldə etdikləri komissiyalar səbəbilə tətbiq daxilində qiymət bir qədər artır.
Təbii ki, bəzi istifadəçilər sosial şəbəkənin mobil tətbiqi vasitəsilə abunəliyi əldə etməyə davam edirlər və bu, ümumi statistikaya düşmür. The Information saytının verdiyi məlumata əsasən fevral ayında Twitter Blue abunəliyinin ümumi istifadəçi sayı 300 000 nəfər təşkil etmişdi. Hətta mart ayında abunəliyin ümumi istifadəçi kütləsinə əlavə 116 000 nəfər istifadəçinin daxil olmasına baxmayaraq bu, Twitter-in aylıq aktiv istifadəçi sayından qat-qat azdır. Qeyd etmək lazımdır ki, Elon Musk-ın qiymətləndirməsinə əsasən Twitter-in aylıq aktiv istifadəçi kütləsi 500 milyon insan təşkil edir.
Paylaş
Bənzər xəbərlər