
Twitter-in yaradıcısı internetsiz mesajlaşma tətbiqini iOS üçün istifadəyə verib
Sosial Media
29.07.2025
Emil
Twitter-in (hazırda X) yaradıcısı və Block şirkətinin rəhbəri Jack Dorsey rəsmi olaraq App Store-da öz yeni tətbiqini - Bitchat Mesh adlı messenceri istifadəyə verib. Bu messencer internet, server və qeydiyyat olmadan işləyir. Açıq mənbə kodlu bu layihə Dorsey-nin sözlərinə görə “bir həftəsonu ərzində” hazırlanıb, lakin artıq alternativ mesajlaşma tətbiqləri dünyasında böyük səs-küyə səbəb olub. Bitchat Bluetooth Mesh texnologiyasından istifadə edir - bu isə o deməkdir ki, cihazlar mesajları birbaşa bir-birinə ötürür, yəni mobil şəbəkə, Wi‑Fi və ya xarici serverlərə ehtiyac yoxdur.

Tətbiq ilk dəfə işə salındıqda istifadəçiyə təsadüfi bir ləqəb (məsələn, @rabbit5) verilir və bu ləqəbi dəyişmək mümkündür. Mesajlar bərabərhüquqlu şəbəkə (peer-to-peer) üzərindən ötürülür və end-to-end prinsipi ilə şifrələnir. Əlaqə, arada ötürücü cihazlar olduğu halda, 300 metrə qədər məsafədə işləyə bilir. Ekranı sola sürüşdürmək və ya “Users” ikonuna klikləməklə yaxınlıqda olan istifadəçiləri görmək mümkündür. Daha sonra sadəcə bir ləqəbi seçirsən və şəxsi söhbət pəncərəsi açılır. Hər şey sadədir - nə login, nə şifrə, nə də izləmə. Messencerin əsas xüsusiyyəti budur ki, Bitchat istifadəçi məlumatlarını toplamır, qeydiyyat tələb etmir və bulud yaddaşına qoşulmur.
Tətbiq məxfilik və avtonomluq prinsiplərinə əsaslanır. O, şəbəkəyə çıxışın olmadığı hallarda - konsertlərdə, mitinqlərdə, səyahətlərdə və ya əlaqənin kəsildiyi fövqəladə vəziyyətlərdə faydalı ola bilər. Hazırda tətbiq yalnız App Store-da mövcuddur, lakin hələ bütün ölkələrdə aktiv deyil. iOS versiyası hazırda Android cihazlara qoşulmanı dəstəkləmir - bu, bəzi xətalarla bağlıdır, lakin düzəliş artıq Apple-a təsdiqlənmək üçün göndərilib. Layihə GitHub-da yerləşdirilib və Dorsey Bitchat tətbiqinin gələcəkdə inkişaf etdirilməsini istisna etmir - baxmayaraq ki, o bunun tam kommersiya məhsulundan daha çox təcrübi bir layihə olduğunu etiraf edir.
Paylaş