
Vine süni intellekt vasitəsilə geri qayıdır
Sosial Media
25.07.2025
Emil
Bir zamanlar məşhur, Twitter-ə məxsus olmuş və təxminən 9 il əvvəl bağlanmış qısa video platforması Vine yenidən fəaliyyətə başlamağa hazırlaşır. Lakin bu dəfə tətbiq süni intellekt texnologiyasından istifadə edəcək. Bu barədə X-in (keçmiş Twitter) sahibi Elon Musk açıqlama verib. O, gözlənilən buraxılışla bağlı ətraflı məlumat verməyib. Musk X-dəki hesabında belə yazıb: “Vine-ı geri qaytarırıq, amma süni intellekt formasında”.

Lakin milyarder yenilənmiş platformanın necə işləyəcəyini açıqlamayıb. Şirkət nümayəndələri isə Reuters-in yenidən işə salınma ilə bağlı sorğusuna cavab verməyiblər. Qeyd edək ki, Elon Musk 2022-ci ildə Twitter-i aldıqdan sonra Vine-nın bərpası ilə bağlı dəfələrlə işarələr vermiş, hətta istifadəçilər arasında bu xidmətin geri qayıtması ilə bağlı sorğular da keçirmişdi. Xatırladaq ki, Twitter tərəfindən 2013-cü ilin yanvarında istifadəyə verilmiş Vine mobil tətbiqi istifadəçilərə 6 saniyəlik videolar - yəni vaynlar - yükləməyə imkan verirdi və qısa müddətdə milyonlarla izləyicisi olan blogerlər arasında böyük məşhurluq qazandı.
Bu xidmətin konsepsiyası qısa video formatının inkişafına ciddi təsir göstərdi və TikTok kimi platformaların məşhurlaşmasından əvvəlki dövrə təsadüf edir. Lakin 17 yanvar 2017-ci ildə platforma bağlandı. Ekspertlərin fikrincə, Vine-ın qısa formatı süni intellekt tərəfindən yaradılan kontent üçün uyğun ola bilər. Çünki müasir video generasiya alətləri hələlik daha çox qısa videolarla effektiv işləyir, uzunmüddətli kontentlərin istehsalı isə hələ də olduqca baha başa gəlir.
Paylaş