
WhatsApp Avropa Birliyinin yeni qaydalarına əməl edərək şirkətin reklam targetinqi üçün yığdığı bütün özəl məlumatları yükləmək funksiyasını əlavə edib. Facebook ilə baş vermiş istifadəçi məlumatlarının sızdırılması qalmaqalından sonra Avropa Birliyi internetdə istifadəçi məlumatlarının təhlükəsizliyi ilə bağlı yeni qaydalar tərtib edib. Həmin qaydalar 25 May tarixindən etibarən qüvvəyə minəcək. Avropa Birliyi tərəfindən tərtib olunmuş qanunun tələblərindən biri də belədir:
İstifadəçilər sosial şəbəkənin, saytın və messencerin onlar barəsində hansı məlumatları yığdıqlarını bilməlidirlər.
Bu qaydaya əməl etmək üçün isə WhatsApp-a yeni funksiya əlavə olunub. Hələ ki, “Request account info” adlı yeni funksiya Android üçün olan WhatsApp-ın 2.18.128 versiyasının betasında aktivdir. Buna görə də bu funksiyadan istifadə etmək üçün ya beta-test istifadəçisi olmaq lazımdır yada messencerin APK faylını yükləmək lazımdır. Lakin ən yaxşısı bu yeni funksiyanın rəsmi olaraq aktiv olunmasını gözləməkdir. Çox böyük ehtimal ilə yeni funksiya yaxın müddət ərzində bütün istifadəçilər üçün aktiv olacaq.
Yeni funksiya sayəsində
istifadəçi öz WhatsApp hesabından bütün kontaktları, hesabların profil
fotolarını və qrup çatlardakı məlumatları yükləyə biləcək. Lakin bu üsulla çatlarda olan bütün yazışmaları və
faylları yükləmək mümkün olmayacaq. Özəl məlumatların arxivini həmin dəqiqə
yükləmək olmayacaq. İlk öncə bunu etmək üçün WhatsApp hesabının ayarlarından sorğu
göndərmək lazım gələcək. 3 gün ərzində isə məlumatlar arxivi hazır olacaq və
yalnız bundan sonra istifadəçi həmin arxivi yükləyə biləcək. Məlumatlar şirkətin
serverlərində 1 ay saxlanılır. 1 aydan sonra arxiv məlumatları yükləmək üçün
ayarlar vasitəsilə yenidən sorğu göndərmək lazım gələcək.