
Whatsapp-da adsız qrup çatları yaratmaq mümkün olacaq
Sosial Media
24.08.2023
Emil
Whatsapp tərtibatçıları messencerə yeni imkanlar əlavə etməyə davam edirlər. Bu cür yeni imkanlardan biri də messencerdə adsız qrupların yaradılmasıdır. Qeyd etmək lazımdır ki, daha öncə Whatsapp-da qrup yaradan zaman ona mütləq şəkildə ad vermək lazım gəlirdi. Bundan sonra isə istifadəçilər yaradılması planlaşdırılan qrupun ümumi mövzusunu hələ təyin etmədikləri və ya qrupun tez bir zamanda yaradılmasına ehtiyac duyulduğu zamanlarda qrupları adsız şəkildə yarada biləcəklər.
Bununla belə bu cür qrupun vacib məhdudiyyəti olacaq. Belə ki, adsız qrupda 6 nəfərdən çox iştirakçı ola bilməz. Qeyd etmək lazımdır ki, Whatsapp-da adi qruplarda iştirakçıların sayı 1024 nəfər təşkil edə bilər. Məlumatda qeyd edilib ki, bu cür qrupların adları qruplara daxil ediləcək istifadəçilərdən asılı olaraq dinamik şəkildə dəyişəcək. Yəni adsız qrupa son əlavə edilmiş şəxsin adı qrupun adı kimi görünəcək.
Bununla belə qrupun adı hər bir iştirakçıda fərqli şəkildə əks olunacaq. Bu, istifadəçinin qrupdakı bu və ya digər şəxsin adının öz kontaktlarında saxlayıb-saxlamamasından asılı olacaq. Məsələn əgər siz hər hansısa şəxsin adını öz kontaktlarınızda saxlamamısınızsa, deməli sizdə qrupun adı həmin şəxsin telefon nömrəsi şəklində əks olunacaq. Məlumatda qeyd edilib ki, bu yeni funksiya yaxın həftələr ərzində hamı üçün aktiv olacaq.
Paylaş
Bənzər xəbərlər