
Whatsapp-da çatların bir smartfondan digərinə QR kod ilə köçürülməsi funksiyası istifadəyə verilib
Sosial Media
03.07.2023
Emil
Whatsapp tərtibatçıları messencer daxilində çatların bir cihazdan digərinə QR kod vasitəsilə köçürülməsi funksiyasını istifadəyə veriblər. İstifadəyə verilmiş bu üsul çox sadədir və o, istifadəçidən çatların ehtiyat kopyalarının bulud yaddaşda saxlanılmasını tələb etmir. Artıq Whatsapp istifadəçiləri bir cihazdan digərinə rahatlıqla keçid edə biləcəklər. Lakin bu yeni üsuldan istifadənin əsas şərti ondadır ki, hər iki smartfon eyni əməliyyat sisteminə sahib olmalıdır.
Çatların bir cihazdan digərinə köçürülməsindən öncə istifadəçi əmin olmalıdır ki, hər iki smartfon eyni Wi-Fi şəbəkəsinə qoşulub. Bundan əmin olandan sonra istifadəçi köhnə smartfondakı Whatsapp-ın ayarlarına keçid edərək Chats bölməsinə daxil olmalı və Chat Transfer bəndini seçməlidir. Həmin bəndi seçəndən sonra messencer avtomatik şəkildə QR kod tərtib edəcək. Daha sonra yeni smartfon vasitəsilə həmin QR kodu skan edərək çatlar köhnə smartfondakı Whatsapp-dan yeni smartfondakı Whatsapp-a köçürüləcək. Məlumatda qeyd edilib ki, bu üsul digər üsullardan daha təhlükəsizdir. Belə ki, məlumatlar cihazlar daxilində şifrələnirlər və lokal şəbəkə çərçivəsində mübadilə olunurlar.
Paylaş
Bənzər xəbərlər