Logo
    main-post-cover

    WhatsApp-ın aylıq istifadəçi kütləsi 3 milyardı keçib

    Sosial Media
    01.05.2025
    Emil
         Meta-nın baş direktoru Mark Zuckerberg rüblük maliyyə hesabatının dərcindən sonra keçirilmiş brifinqdə bildirib ki, WhatsApp tətbiqini ayda azı bir dəfə 3 milyarddan çox insan açır. 2009-cu ildə istifadəyə verilmiş və 2014-cü ildə Facebook (indiki Meta) tərəfindən 19 milyard dollara alınmış WhatsApp messenceri hələ də ödənişsizdir və istifadəçilərə reklam göstərmir. Mesajlaşma xidməti aylıq 2 milyard aktiv istifadəçi həddini hələ 2020-ci ildə keçmişdi. İndi isə WhatsApp bu göstəriciyə çatan azsaylı tətbiqlərdən biridir - Facebook ilə yanaşı. Bu nəhəng istifadəçi bazası WhatsApp-ı Meta üçün əsas layihələrdən birinə çevirir, xüsusilə də şirkət süni zəka sahəsindəki strategiyasına böyük önəm verdiyi indiki mərhələdə.
         “Biz görürük ki, insanlar Meta AI-a müxtəlif giriş nöqtələri vasitəsilə qoşulurlar. WhatsApp isə Meta AI-in ən aktiv istifadə olunduğu platforma olaraq qalır” - deyə Meta-nın maliyyə direktoru Susan Li bildirib. Onun sözlərinə görə, WhatsApp istifadəçilərinin əksəriyyəti Meta AI-dən şəxsi çatlarda istifadə edir. Zuckerberg əlavə edib ki, WhatsApp süni zəka funksiyalarına asan çıxış imkanı yaratsa da, şirkət bəzi bazarlarda, xüsusilə ABŞ-da, istifadəçilərin messencerdən əsasən ünsiyyət məqsədilə istifadə etdikləri üçün süni zəka məhsullarının tətbiqini stimullaşdırmaq üçün yanaşmanı dəyişməli olub.
         Məhz bu səbəbdən ayrıca Meta AI tətbiqi istifadəyə verilib. WhatsApp Business platforması sürətlə inkişaf edir - o, tətbiq ailəsi seqmentindən əldə olunan 510 milyon dollarlıq gəlirin əhəmiyyətli hissəsini təşkil edib. Hazırda süni zəka alətləri WhatsApp Business üçün də test edilir. Şirkət süni zəka agentlərinin idarə olunması üçün yeni interfeys və alətlər paneli hazırlayır ki, bu da üçüncü tərəf bizneslərə Meta-nın süni zəka modellərini öz məlumatları əsasında öyrətmək imkanı verəcək. Eyni zamanda, bu şirkətlərin müştərilərlə aparılan yazışmalarında süni zəka əsaslı çat-botların istifadəsi də sınaqdan keçirilir.
    Mənbə: Techcrunch
    Paylaş