main-post-cover

    Whatsapp-ın yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçi hesabları bloklanmayacaqlar

    Sosial Media
    10.05.2021
    Emil Nəcəfov
        Son zamanlarda Whatsapp messenceri yeni konfidensiallıq siyasətinə görə sərt şəkildə tənqid olunur. Belə ki, yeni konfidensiallıq qaydalarına əsasən Whatsapp istifadəçilərinin bir sıra məlumatları Facebook-a ötürüləcək. Yeni konfidensiallıq qaydalarının qəbul olunma müddəti 15 may tarixində bitəcək. Həmin müddətə kimi yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçilər bir sıra məhdudiyyətlər ilə qarşılaşacaqlar. Yeni konfidensiallıq qaydaları ilk dəfə elan olunan zaman Whatsapp tərtibatçıları qeyd etmişdilər ki, onları qəbul etməyən istifadəçi hesabları bloklanacaq. İndi isə messencer tərtibatçıları bu qərarı yüngülləşdiriblər və bildiriblər ki, konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçi hesablarını bloklamayacaqlar.
        Beləliklə 15 may tarixinə kimi yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçi hesabları Whatsapp-dan istifadəyə davam edə biləcəklər. Lakin onlara mütəmadi şəkildə bu qaydaları qəbul etmək bildirişi göndəriləcək. Daha sonra bu cür istifadəçi hesabları məhdudlaşdırılmış funksionallıq rejiminə keçid edəcəklər. Belə ki, istifadəçilər özlərinin çat siyahısına keçid edə bilməyəcəklər. Buna baxmayaraq onlar istənilən audio və videozəngləri qəbul edə biləcəklər. Bir neçə həftədən sonra isə bu imkanlar da aradan qaldırılacaq. Başqa sözlə desək, əgər istifadəçi Whatsapp-dan istifadə etməyi planlaşdırırsa, istənilən halda yeni konfidensiallıq qaydalarını qəbul etməli olacaq.
        Bu məsələdə Whatsapp heç bir konkret vaxt təyin etməyib. Buna görə də yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçi hesablarında məhdudlaşdırıcı tədbirlərin nə zaman qüvvəyə minəcəkləri bəlli deyil. Bundan əlavə olaraq Whatsapp təmsilçiləri bildiriblər ki, istifadəçilərin çoxu artıq bu qaydaları qəbul edib. Tərtibatçılar qeyd ediblər ki, yeni konfidensiallıq qaydaları istifadəçilərin fərdi mesajlarını əhatə etməyəcəklər. Onlar əvvəlki kimi end-to-end şifrələnmə vasitəsilə qorunacaqlar və Facebook serverlərində saxlanılmayacaqlar. Whatsapp istifadəçilərinin bir sıra məlumatlarının Facebook-a ötürülməsi praktikası isə əvvəllər də mövcud olub. Belə ki, messencer Facebook-a məxsusdur.
    Linki kopyala