
WhatsApp naməlum qrup çatı barəsində icmalı təqdim etməyə başlayacaq
Sosial Media
06.08.2025
Emil
WhatsApp messenceri qrup çatları üçün təhlükəsizlik icmalı funksiyasını istifadəyə verib. Bu funksiya istifadəçi kontakt siyahısında olmayan biri tərəfindən naməlum bir qrupa dəvət edildikdə, həmin qrup haqqında əsas məlumatları və təhlükəsizliklə bağlı tövsiyələri təqdim edir. İcmalda aşağıdakı məlumatlar yer alacaq:
- Qrupun yaradılma tarixi
- İstifadəçini qrupa kim dəvət edib
- Qrupda neçə iştirakçının olduğu.

Bundan əlavə, istifadəçiyə fırıldaqçılıq riski ilə bağlı xəbərdarlıq ediləcək və WhatsApp-da kimlərin onu qrupa dəvət edə biləcəyini necə məhdudlaşdırmaq olar sualına cavab veriləcək. İcmal göstərildikdən sonra istifadəçi qrupa daxil olmadan oradan çıxmağı və ya əlavə məlumat əldə etmək üçün çatın içini nəzərdən keçirməyi seçə bilər. Hər iki halda, istifadəçi yeni qrupa qalmaq qərarı verənə qədər çatdan bildirişlər avtomatik olaraq deaktiv ediləcək. Qrup çatları üçün yeni təhlükəsizlik funksiyasından əlavə, WhatsApp həmçinin fırıldaqçılığa qarşı mübarizə üsullarını da test edir. Bu, xüsusilə dələduzların əvvəlcə istifadəçilərlə başqa platformalarda əlaqə qurub, sonra onları WhatsApp-da yazışmağa dəvət etməyə çalışdıqları hallara aiddir. WhatsApp istifadəçiləri aşağıdakı mövzularda xəbərdar etmək üçün yeni üsulları sınaqdan keçirir:
- Əlaqə siyahısında olmayan biri ilə yazışmaya başlamazdan əvvəl bir qədər gözləməyin vacibliyi
- Mesaj göndərmək istədikləri şəxs barədə daha çox məlumat göstərilməsi.

Bu tədbirlər istifadəçiləri potensial risklərə qarşı daha ayıq etməyə yönəlib. Məlumata görə, iyun ayında WhatsApp, Meta və OpenAI ilə birlikdə Kambocada yerləşən cinayətkar dələduzluq mərkəzinin fəaliyyətini dayandırıblar. Bu mərkəz ChatGPT süni intellekt çat-botundan istifadə edərək WhatsApp çatı vasitəsilə insanlara iş vədi ilə mesajlar göndərirdi. İstifadəçilər Telegram platformasına yönləndirilirdi. Orada onlardan ilk tapşırıq kimi TikTok-da bir videonu bəyənmələri tələb olunurdu. Daha sonra fırıldaqçılar istifadəçilərə guya ilk tapşırıq üçün nə qədər qazandıqları barədə saxta hesabatlar göstərir və daha çox qazanmaq üçün növbəti tapşırıqda iştirak etmələri məqsədilə kriptovalyuta hesabına pul yatırmalarını təklif edirdilər.
Paylaş