main-post-cover

    Whatsapp öz istifadəçilərini fərdi məlumatları Facebook ilə bölüşməyə məcbur edir

    Sosial Media
    08.01.2021
    Emil Nəcəfov
        Facebook 2014-cü ildə Whatsapp-ı almışdı. Keçən ilin yay fəslində isə messencer istifadəçilərə öz məlumatlarını bu məşhur sosial şəbəkə ilə bölüşməyi təklif etmişdi. İndi isə messencerin yenilənmiş konfidensiallıq siyasətində istifadəçilərin öz bəzi məlumatlarını Facebook ilə bölüşməsi prosesi könüllüdən məcburiyə keçirilib. Bu barədə 4pda saytı xəbər verib. Whatsapp-ın rəsmi saytında Facebook-un tərkibinə daxil olan şirkətlərin messencerdən olan məlumatları necə istifadə edə biləcəkləri barəsində məlumat yer alıb. Qeyd olunmuş fotoda 3 əsas yenilənmə qeyd edilib. Yenilənmələr istifadəçilərin fərdi məlumatlarının emalı, istifadəsi və daha uyğun məhsulların təqdim edilməsi üçün inteqrasiyanın üstünlükləri mövzularını əhatə edirlər.
        “Bizim, Facebook-un digər şirkətlərinə ötürdüyümüz məlumatlar sizin istifadəçi hesablarınızın qeydiyyat məlumatlarını (telefon nömrələri) və tranzaksiyaları, xidmətləri, sizin bizim servislərdən istifadə zamanı digər insanlarla necə qarşılıqlı əlaqədə olduğunuzu, mobil cihazlarınızı, IP ünvanlarınızı əhatə edir və konfidensiallıq siyasətində qeyd edilmiş digər məlumatlara aid edilə bilər” - deyə messencerin saytında qeyd edilib. Whatsapp istifadəçilərinin əldə etdikləri bildirişə əsasən bu dəyişikliklər 8 fevral tarixindən qüvvəyə minəcəklər və istifadəçilərin bu dəyişiklikləri qəbul etmələrindən başqa bir seçimləri yoxdur. Əks halda messencerdən istifadə qeyri mümkün olacaq.
    Linki kopyala