
Verilmiş məlumata əsasən Whatsapp tərtibatçıları messencerin veb versiyasında göndərilmiş mesajların redaktə edilməsi funksiyasını test etməyə başlayıblar. Sözügedən funksiya Whatsapp Web-in beta testində iştirak edən bəzi istifadəçiləri üçün artıq aktivləşdirilib. Göndərilmiş mesajların redaktə edilməsi funksiyası Whatsapp Web-in 2.2319.9 nömrəli beta versiyasında ortaya çıxıb.
Sözügedən beta versiyanın istifadəçiləri göndərilmiş hər hansısa mesaja klikləməklə mesajın redaktə edilməsi bəndini özündə birləşdirən menyunu aktivləşdirə bilərlər. Qeyd etmək lazımdır ki, istifadəçi göndərmiş olduğu mesajı göndəriləndən sonra yalnız 5 dəqiqə ərzində redaktə edə bilər. Lakin bununla belə 5 dəqiqə ərzində mesaj istənilən sayda redaktə oluna bilər. Bu funksiya həm özəl çatlarda həm də qrup çatlarında aktivdir. Məlumata əsasən bu yeni funksiya həmçinin messencerin Android və iOS üçün nəzərdə tutulmuş beta versiyalarında da istifadəyə veriləcək.