main-post-cover

    Whatsapp yeni konfidensiallıq qaydalarının istifadəyə verilməsini təxirə salıb

    Sosial Media
    17.01.2021
    Emil Nəcəfov
        Dünyanın ən məşhur messenceri olan Whatsapp-ın tərtibatçıları bir neçə müddət bundan öncə rəsmi açıqlanmış yeni konfidensiallıq qaydalarının reallaşdırılması müddətini təxirə salıb. Qeyd etmək lazımdır ki, yeni konfidensiallıq qaydalarına əsasən Whatsapp istifadəçilərinin bir sıra məlumatları Facebook-a ötürüləcək. Facebook şirkətinin təmsilçiləri düşünürlər ki, istifadəçilər bu qaydaların əsas məğzini düzgün şəkildə anlamayıblar və şirkəti səhv başa düşüblər. Bu barədə 4pda saytı xəbər verib.

    Whatsapp-ın rəsmi bloqunda qeyd olunub ki, yeni konfidensiallıq qaydalarının işə salınması 8 fevraldan 15 maya təxirə salınıb.

        Tərtibatçılar güman edirlər ki, əksər istifadəçilər internetdə yayılan bir çox şayiələr səbəbilə yeni qaydaların mənalarını düzgün anlamayıblar. “Biz istifadəçilərimizin bu yeni qaydalara nəzər yetirmələri və onları qəbul etmələri müddətini uzatdıq. Biz, 8 fevral tarixində hansısa şəxsin Whatsapp hesabını bloklamaq və ya silmək niyyətində deyilik. Bundan əlavə olaraq biz, konfidensiallıq prinsipləri və Whatsapp-da ünsiyyət təhlükəsizliyi barəsində yayılmış düzgün olmayan şayiələrin aradan qaldırılması üçün aktiv şəkildə çalışmağı da planlaşdırırıq. Daha sonra biz, 15 may tarixinə kimi öz istifadəçilərimizə tədricən yeni qaydalar ilə tanış olmaq imkanını yaradacağıq” - deyə messencerin bloqunda qeyd olunub
        Whatsapp tərtibatçıları bildiriblər ki, messencerdə olan bütün yazışmalar end-to-end şifrələnmə üsulu vasitəsilə qorunurlar. Bunun sayəsində nə Whatsapp nə də Facebook bu kimi məlumatları əldə edə bilməz. Qüvvəyə minəcək yeni qaydalar bu özəlliyə təsir göstərməyəcəklər. Whatsapp-ın bu vəziyyəti düzəltmək cəhdlərinə baxmayaraq son günlər ərzində istifadəçilər Telegram Signal kimi messencerlərə keçid edirlər. Təkcə Telegram-ın istifadəçi kütləsinə 3 gün ərzində 25 milyon insan əlavə edilib.
    Linki kopyala