Wikipedia 25 yaşında: Könüllülərin yaratdığı qlobal bilik imperiyası
Sosial Media
15.01.2026
Sevinc
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Wikipedia bu gün 25 yaşını qeyd edir. 15 yanvar 2001-ci ildə cəmi 100 məqalə ilə fəaliyyətə başlayan platforma bu gün 65 milyondan çox məqalə və ayda təxminən 15 milyard baxış sayı ilə dünyanın ən böyük onlayn bilik mənbələrindən birinə çevrilib.
Yubiley münasibətilə Wikimedia Foundation dünyanın müxtəlif ölkələrindən olan səkkiz könüllü redaktorun həyat və fəaliyyətini əks etdirən qısa videoçarxlar yayımlayıb. Bu mini sənədli seriyada 2005-ci ildən Wikipedia-da aktiv olan və Hurricane Katrina ilə bağlı məqalələrin hazırlanmasında iştirak edən “Hurricane Hank”, eləcə də COVID-19 pandemiyası zamanı tibbi dezinformasiyaya qarşı mübarizə aparan hindistanlı həkim Netha yer alır.
Seriyada Böyük Britaniyadan olan Joanne da diqqət çəkir. O, Instagram-da eşitdiyi məlumatdan sonra ABŞ-də ilk ictimai yabanı çiçək bağının yaradıcısı Eloise Butler haqqında Wikipedia səhifəsi yaradıb. Digər könüllü Gabe isə tarixi qaradərili şəxsiyyətlərin platformada düzgün və obyektiv şəkildə təmsil olunmasını əsas məqsəd kimi qarşıya qoyub. Bu videolar süni intellekt dövründə Wikipedia məzmununun arxasında real insanların dayandığını göstərməyi hədəfləyir. Bununla yanaşı, fond “rəqəmsal zaman kapsulu” da təqdim edib. Burada Wikipedia-nın qurucusu Jimmy Wales tərəfindən səsləndirilən audio-mesaj, eləcə də platformanın tarixində önəmli anlar yer alır.
Paylaş