X API qiymətlərini artırdı
Sosial Media
22.04.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, X platforması API vasitəsilə link paylaşımının qiymətini kəskin şəkildə artırıb. Şirkətin açıqlamasına görə, bu dəyişiklik spam və “sui-istifadə hallarının qarşısını almaq” məqsədi daşıyır. Yeni qiymət siyasətinə əsasən, API üzərindən paylaşılan hər bir linkin dəyəri 0.01 dollardan 0.20 dollara yüksəldilib. Eyni zamanda, ümumi post paylaşım qiyməti də 0.01 dollardan 0.15 dollara qədər artırılıb.
Bu addım xüsusilə media və kontent platformaları üçün əlavə maliyyə yükü yarada bilər. Məsələn, texnologiya xəbərlərinin aqreqatoru olan Techmeme artıq X üzərindən paylaşımlarında birbaşa link verməyi dayandırıb. Platforma postlarında istifadəçilərə sadəcə “link və tam məlumat üçün Techmeme saytına daxil olun” mesajı göstərilir. Techmeme bildirib ki, bu qərarın səbəblərindən biri məhz API qiymətlərinin artmasıdır. Bununla yanaşı, Nieman Lab tərəfindən aparılan araşdırmaya görə, X-də linkli paylaşımlar daha az interaksiya (engagement) əldə edir.
Lakin X-in məhsul rəhbəri Nikita Bier bu iddiaları təkzib edib. Onun sözlərinə görə, araşdırmada qeyd olunan hesablar sadəcə başlıq və link paylaşır, əlavə kontekst təqdim etmir. Techmeme-in qurucusu Gabe Rivera isə qeyd edib ki, bu dəyişikliklər media saytlarını ya yüksək məbləğ ödəməyə, ya da paylaşımları manual şəkildə etməyə məcbur edə bilər.
Qeyd edək ki, X platformasında linklərin görünürlüğü ilə bağlı müzakirələr yeni deyil. Şirkət bir neçə il əvvəl link preview-lərdən başlıqları silmiş, lakin istifadəçi reaksiyasından sonra bu qərarı geri götürmüşdü.
Paylaş