Yeniyetmələrin tətbiqdə keçirdiyi vaxt məqsədli şəkildə artırılıb?
Sosial Media
03.03.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Instagram istifadəçilərin tətbiqdə keçirdiyi vaxtı illər üzrə diqqətlə izləyib və şirkət rəhbərləri bu göstəriciləri “mərhələ” kimi qiymətləndiriblər. Məhkəmə sənədlərinə əsasən, tətbiqdən gündəlik istifadə müddəti 2023-cü ildə 40 dəqiqə olduğu halda, 2026-cı ildə 46 dəqiqəyə yüksəlib. Bu məlumatlar Mark Zuckerberg-in Los-Anceles dairə məhkəməsində verdiyi ifadə zamanı üzə çıxıb.
Hazırda Los-Anceles Ali Məhkəməsində baxılan “K.G.M. v. Platforms et al.” işi çərçivəsində münsiflər heyəti sosial media şirkətlərinin yeniyetmələrin psixi sağlamlıq problemlərinə və ya platformaların “asılılıq yaradan” dizaynına görə məsuliyyət daşıyıb-daşımadığını müəyyən edəcək. Snap Inc. və TikTok məhkəmə başlamazdan əvvəl razılaşma əldə etsələr də, Meta Platforms və YouTube ittihamları qəbul etməyərək prosesi davam etdirirlər. Hazırda 19 yaşı olan və məhkəmə sənədlərində K.G.M. və ya “Kaley” kimi təqdim olunan şəxs sosial mediadan erkən yaşda istifadənin onun psixi sağlamlığına mənfi təsir göstərdiyini, asılılıq və depressiya yaratdığını, hətta intihar düşüncələrinə səbəb olduğunu bildirir. Meta isə platformasının bu problemlərin əsas səbəbi olmadığını müdafiə edir.
İddiaçı tərəfin vəkilləri bildirirlər ki, Meta yeniyetmələrin tətbiqdə daha çox vaxt keçirməsi üçün daxili hədəflər müəyyən edib. Zuckerberg isə ifadəsində bildirib ki, şirkətin “mərhələ” kimi qeyd etdiyi göstəricilər konkret icra hədəfi olmayıb. O, həmçinin Konqresdə 13 yaşdan kiçik uşaqların Instagram-a buraxılmadığını söyləyərkən şirkətin rəsmi siyasətini ifadə etdiyini deyib. Lakin məhkəmədə təqdim olunan daxili yazışmalar şirkətin yeniyetmə və “tween” (10-12 yaş) auditoriyasına xüsusi maraq göstərdiyini göstərir. Bir məhsul menecerinin elektron məktubunda “Şirkətin ümumi məqsədi yeniyetmələrin ümumi vaxtını artırmaqdır” ifadəsi yer alıb və qeyd olunub ki, 2017-ci ilin ilk yarısında əsas prioritet yeniyetmələr olub. 2018-ci ilin bazar araşdırmasında isə ABŞ-də ən yüksək istifadəçi sədaqətinin məhz bu yaş qrupunda olduğu vurğulanıb.
Bundan əlavə, Zuckerberg-in müşaviri olmuş Nick Clegg daxili yazışmada Instagram-ın yaş məhdudiyyətlərinin praktik olaraq “icraolunmaz” olduğunu qeyd edib. İddiaçılar bildirirlər ki, Instagram 2021-ci ilin avqustuna qədər mövcud azyaşlı istifadəçilərlə bağlı ciddi tədbir görməyib və yalnız həmin tarixdən sonra istifadəçilərdən doğum tarixlərini tələb etməyə başlayıb. Meta isə 2019-cu ildən etibarən yeni istifadəçilər üçün yaş təsdiqi tətbiq etdiyini bildirir.
Paylaş